"Azərbaycan milli komandasına qayıdışım barədə Qurban Qurbanovla danışmamışıq. Onun dediklərini internetdən oxumuşam".
Sportnet.az-ın məlumatına görə, bunu "CBC Sport"da yayımlanan "Üçüncü hissə" verilişinin qonağı olan "Qarabağ" klubunun kapitanı Rəşad Sadıqov Azərbaycan millisinə qayıtma variantı barədə fikirlərə münasibət bildirərkən deyib. 36 yaşlı müdafiəçi bildirib ki, milliyə baş məşqçi təyin olunduğu vaxt Qurban Qurbanovla aralarında belə bir söhbət olub: "Qurban müəllim mənə təklif etdi ki, yığmaya qayıdım. "İstəyirəm ki, dönəsən. Hansısa oyunda oynayarsan, hansındasa yox. Təki millinin içində olasan" dedi. Mən isə "Dəvətinizə görə çox sağ olun. Amma qərarımı vermişəm və yığma karyeramı başa vurmuşam" cavabını verdim. Düzü, qısa - 10 dəqiqəlik söhbət oldu. Sonra isə mövzu dəyişdi. Qurban müəllim "Necə məsləhətdir" söylədi".
Bununla belə, Sadıqov hər zaman Qurbanovun yanında olduğunu vurğulayıb: "Qurban müəllim açıqlamasında "Lazım gələrsə" ifadəsini də işlədib. Özüm də əvvəllər demişəm ki, Allah göstərməsin, birdən yığmada zədə və cəza üzündən stopper olmasa, özüm isə formada olsam, yığmada oynamağa hazıram. "Lazım gələrsə" sözünü mən də işlətmişəm. Yəni, hara lazımamsa, orada olacağam. Həm oyunçu, həm də insan, dost kimi harada lazımamsa, orada o insanın yanındayam. Həmçinin də bu məsələdə".
Təcrübəli futbolçu hələlik yığmaya qayıtmağa ehtiyac duymadığını əlavə edib: "Yaxın vaxtlarda bu "lazım"ı görmürəm. Uşaqlar normal çalışırlar. Bədavi Hüseynovun bərpa dövrü yekunlaşır. O da sağaldıqdan sonra hər şey tam qaydasında olacaq. Bu zaman Qurbanovun da əlində bütün imkanlar olacaq və belə söhbətlərə də ehtiyac duyulmayacaq".
Qeyd edək ki, Rəşad Sadıqov 2017-ci il oktyabrın 5-də Bakı Olimpiya Stadionunda Çexiya yığması ilə oyundan əvvəl Azərbaycan milli komandası ilə vidalaşıb.