Topaz Premyer Liqasında XXI tura yekun vurulub.
Sportnet.az xəbər verir ki, III dövrənin son matçı "Neftçi" və "Səbail" komandaları arasında olub. "Bakcell Arena"da baş tutan paytaxt derbisi meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə nəticələnib. Hər iki qolu İqnasio Herrera 49 və 87-ci dəqiqələrdə vurub.
Bu nəticədən sonra komandaların turnir cədvəlindəki mövqeyində dəyişiklik baş verməyib. "Neftçi" 30 xalla 5-ci, "Səbail" isə 18 xalla 6-cı sıradadır.
Qeyd edək ki, XXI turun digər 3 oyununda heç-heçə qeydə alınıb. "Kəpəz" - "Zirə" (0:0), "Qarabağ" - "Keşlə" (1:1) və "Qəbələ" - "Sumqayıt" (1:1) qarşılaşmalarında qalib müəyyənləşməyib.
---------------------------------------------------------------------
Topaz Premyer Liqasında XXI turunun daha bir görüşü keçirilib.
Sportnet.az-ın məlumatına görə, Qəbələ şəhər stadionunda "Qəbələ" "Sumqayıt"ı qəbul edib. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Matçda ilk qolu 55-ci dəqiqədə meydan sahiblərinin futbolçusu Stiven Monroz vurub. Görüşün 82-ci dəqiqəsində isə "Sumqayıt" Nicat Qurbanovun qolu ilə hesabı bərabərləşdirib.
Bu bərabərlikdən sonra "Qəbələ" xallarını 40-a çatdırıb və komanda lider "Qarabağ"dan 10 xal geri qalır. "Sumqayıt" isə 35 xalla 3-cü pillədə qərarlaşıb.
Tura saat 19:30-da start götürəcək "Neftçi" - "Səbail" matçı ilə yekun vurulacaq.
Qeyd edək ki, İlk oyun günündə "Kəpəz" "Zirə" ilə 0:0, "Qarabağ" isə "Keşlə" ilə 1:1 hesablı heç-heçə edib.
----------------------------------------------------------------------------------------------------
Bu gün Topaz Premyer Liqasında XXI turun son 2 matçı keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, ilk oyun günündə olduğu kimi, qarşılaşmalardan biri əyalətdə, digəri paytaxtda olacaq.
Qəbələ şəhər stadionunda eyniadlı komanda "Sumqayıt"ı qəbul edəcək. Qış fasiləsindən sonra bu komandalar fərqli qrafik cızmaqdadırlar. "Qəbələ" hazırda 39 xalla 2-ci pillədə qərarlaşsa da, qeyri-stabil nəticələr göstərməkdədir. "Sumqayıt" isə məğlubiyyət acısı dadmadan xallarını 34-ə yüksəldib. İlk oyun günündə "Qarabağ" cəmi 1 xal qazandığından, "qırmızı-qaralar" qələbə əldə edərək, liderlə xal fərqini 8-ə endirə bilərlər. 34 xalı olan "Sumqayıt" isə şəxsi göstəricidə geri qaldığı "Zirə"ni yalnız səfərdən ən azı heç-heçə ilə qayıtmaqla yenidən keçə bilər. Samir Abasovun baş məşqçi olduğu kollektiv qələbə qazanacağı təqdirdə isə "Qəbələ" ilə xal fərqini 2-yə endirəcək. Bu da "gənclik şəhəri" təmsilçisini gələcəkdə 2-ci pillə uğrunda mübarizə aparmağa sövq edəcək.
Bu komandalar indiyədək çempionatda 22 dəfə üz-üzə gəliblər. Bunların 15-də "Qəbələ", 2-də "Sumqayıt" qalib olubsa, 5 görüşdə heç-heçə qeydə alınıb. Topların nisbəti 40:16 "Qəbələ"nin xeyrinədir. İlk 2 dövrədəki oyunlar Roman Qriqorçukun baş məşqçi olduğu kollektivin minimal hesablı qələbəsi ilə yekunlaşıb - 1:0. "Qırmızı-qaralar" indiyədək bütün oyunlarda qol sevinci yaşayıb. "Sumqayıt" isə hələ səfərdə qələbə qazanmayıb. Bu isə o deməkdir ki, Abasovun komandası qalib gəlsə, tarixi nailiyyətə imza atacaq.
"Sumqayıt"ın heyətindəki bir neçə futbolçu "Qəbələ" Futbol Akademiyasının yetirməsidir. Onlardan müdafiəçi Bəhlul Mustafazadə ilə Ülvü İsgəndərov komandada icarə əsasında çıxış edir. Razılaşmaya əsasən, hər iki oyunçu müqavilə üzrə məxsus olduqları kluba qarşı oynamayacaqlar. Əvəzində yarımmüdafiəçi Ehtiram Şahverdiyevlə hücumçu Amil Yunanovun meydana çıxmasında heç bir problem olmayacaq.
Günün son qarşılaşması isə "Bakcell Arena"da "Neftçi" ilə "Səbail" arasında oynanılacaq. Hazırda turnir cədvəlində qonşu olsalar da, bu komandalar arasında 9 xallıq fərq var. Flaqman 27 xalla 5-ci, debütant 18 xalla 6-cı pillədədir. Bununla belə, artıq onlar arasında prinsipiallıq mövcuddur. İlk dövrədə məhz "Səbail"ə səfərdə 0:1 hesablı məğlubiyyətdən sonra "Neftçi" Elxan Abdullayevi baş məşqçi postundan istefaya göndərib. Hazırkı baş məşqçi Tərlan Əhmədovun dönəmində isə "ağ-qaralar" debütantı yenə səfərdə darmadağın ediblər - 4:0. Bu isə o deməkdir ki, "Neftçi" ilk dəfə "Səbail"i qəbul edəcək. Əvvəlki iki görüşdə qol vuran komanda qalib gəlib. Topların nisbəti isə 4:1 flaqmanın xeyrinədir.
"Səbail"in baş məşqçisi Samir Əliyev əvvəllər "Neftçi"nin futbolçusu və baş məşqçisi olub. Hazırda komandanın bir neçə oyunçusu flaqmanın yetirməsidir.
Topaz Premyer Liqası, XXI tur
2 aprel (bazar ertəsi)
17:00. "Qəbələ” – "Sumqayıt” - 1:1
Qol: Steven Monroz, 55 - Nicat Qurbanov, 82
Hakimlər: İnqilab Məmmədov, Akif Əmirəli, Vüqar Bayramov, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Seymur Səlimli
Hakim-inspektor: Kərim Ağayev
Qəbələ şəhər stadionu
19:30. "Neftçi” – "Səbail” - 2:0
Qollar: İqnasio Herrera, 49; 87
Hakimlər: Rauf Cabbarov, Yaşar Abbasov, Azər Əsgərov, Ramil Diniyev
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Əli Hüseynov
"Bakcell Arena”
Qeyd edək ki, turun ilk oyun günündə "Kəpəz" "Zirə" ilə 0:0, "Qarabağ" isə "Keşlə" ilə 1:1 hesablı heç-heçə edib.