Topaz Premyer Liqasının XXI turunda səfərdə "Qəbələ" ilə 1:1 hesabı ilə heç-heçə edən "Sumqayıt"ın baş məşqçisi Samiq Abasov oyundan sonra mətbuat konfransı keçirib.
Sportnet.az-ın məlumatına görə, təcrübəli mütəxəssis öncə oyun haqda danışıb:
- Komanda fiziki baxımdan düşməyib, əksinə Tural Axundovun oyunun sonlarına yaxın hücuma getməsi və qol epizodu yaratması hər şeyi açıq aydın göstərir. Bütün kompanentlərdə komanda yaxşı çıxış etdi. İnanırdıq ki, "Qəbələ"yə qarşı nələrsə edə bilərik. İkinci yerdə olan komanda ilə səfərdə heç-heçə ediriksə bu da bir uğurdur. Futbolçular çox əziyyət çəkdilər. Hirsləndiyim və məyus olduğum məqamlar da var. Cavid İmamverdiyevin oyunu ürəkaçan deyildi. Heç kimdə günah görmürəm. Özüm özümdə üzülürəm. Yaxşı temp saxlayırıq. Qoymarıq ki, bu nəticə futbolçulara pis təsir etsin. Görünən odur ki, Cavid İmamverdiyevin oyunu alınsaydı birinci hissədə oyunu həll elərdik.
- Qısamüddətli məqşçi karyeranız ərzində Nicat Qurbanov kimi uğurlu əvəzetməniz olubmu?
- Təki, bundan sonra da olsun. Çox olsun. 5 müdafiəçidən heç birin çıxartmadım. Nicat sağ olsun, məşqçisinin üzün ağ elədi. Meydana 3 hücumçu buraxdıq. Nicatın bəxtinə qol düşmüşdü ki, o da vurdu. Nicatdan əlavə o biri futbolçular da vura bilərdi. Amil qol epizodundan yararlana bilmədi. Kaş, o da qol vurardı.
- Amili əvəzləməyi düşünürdünüz?
- Fikirləşirdim. Amil ilə Cavidin arasında seçim etməliydim. Amilin hərəkətli olmağı xoşuma gəldi. Fikirləşdim ki, onu da hücumçu kimi itirə bilərik. Dabo sürətli olduğuna görə, 2 müdafiəçidən qaça bilərdi. Onlar çox geriyə qayıtmadıqlarına görə, əks hücumda yaxalana bilərdik. ona görə 5 müdafiəçini də saxladım. Amma hücumda da kəsərimiz azalmadı. Əksinə Azərlə Turala da tapşırdım ki, hücumcu olsunlar.
- Hakim idarəçiliyi sizi qane etdi?
- Əla.
- "Qarabağ" və "Qəbələ" "Sumqayıt"ı məğlub edə bilmir. Büdcəyə görə sizdən güclü olan komandalar zəifləyib, yoxsa Sumqayıt güclənib?
- Çempionatı dəyərləndirməyimi istəyirsiniz. Komandalar qışdan sonra daha da güclənib. "Qarabağ"ın və "Qəbələ"nin qələbə qazana bilməməsi o biri komandaların güclənməsi deməkdir. Bu həqiqətən də belədir. Bizim komandada çoxlu transfer olmadı. Təki həmişə belə olsun. Bizi uda bilməsinlər.