UEFA İntizam Komitəsi tanınmamış Donetsk Xalq Respublikasının (DNR) bayrağının İtaliyanın paytaxtı Romadakı "Olimpiko" stadionunda nümayiş etdirilməsi faktını araşdıracaq.
Sportnet.az-ın məlumatına görə, DNR bayrağı "Roma" və "Şaxtyor" arasında martın 14-də keçirilmiş Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşündə meydan sahiblərinin fanatlarının olduğu tribunada görünüb. Faktla əlaqədar martın 16-da Ukrayna Futbol Federasiyası UEFA-ya müraciət edib. Müraciətdə intizam işinin açılması xahiş olunub.
UEFA İntizam Komitəsi məsələyə mayın 31-də baxacaq.
Qeyd edək ki, "Roma" - "Şaxtyor" matçı meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Nəticədə İtaliya klubu 1/4 finala yüksəlib.







































































