"Rəqibimiz son oyunlarda yaxşı çıxış edir, inamlı təsir bağışlayır. Sonuncu turda "Qarabağ”la görüş onların necə komanda olduğunu göstərdi. Amma bu, bizi əsla qorxutmur”.
Sportnet.az xəbər verir ki, bunu "Kəpəz”in futbolçusu Tural Nərimanov Topaz Premyer Liqasının XXII turunda "Keşlə”yə qarşı keçirəcəkləri ev oyunu barədə danışarkən klubun rəsmi saytına açıqlamasında deyib. Nərimanov komandanı çətin oyunun gözlədiyini sözlərinə əlavə edib: "Neçə oyundur ki, qələbə qazanmırıq. Buna "Keşlə” ilə oyunda son qoymaq istəyirik. Əsas məqsədimiz azarkeşlərimizi sevindirməkdir. Rəqibi təhlil etmişik, buna uyğun da hazırlaşmışıq. Məşqçilər hər məşqdə müvafiq tapşırıqlarını veriblər. Onlara qarşı necə çıxış etməli olduğumuzu bilirik”.
29 yaşlı müdafiəçi ötən tur "Zirə”yə qarşı matçda meydana çıxmaqla, cari mövsüm "Kəpəz”in heyətində çempionatda debüt edib. O, zədələnən Şəhriyar Əliyevi əvəzləyib: "Oyunun ən ağır məqamında meydana daxil oldum. Hesab açılmamışdı və bir müdafiəçi kimi üzərimə düşən ilk növbədə rəqibin qol vurmasına əngəl olmaq idi. Komanda yoldaşlarımın da dəstəyi ilə bunun öhdəsindən gəldik. Məncə, oyunum pis alınmadı”.
Arxa xətt oyunçusu növbəti matçlarda da oynamaq üçün şans qazanmağa çalışacağını bildirib: "Kimin əsas heyətdə oynamasına və ya ehtiyatda oturmasına məşqçilər qərar verir. Onların seçiminə hörmətlə yanaşıram. Nə vaxt etimad göstərsələr, yenə inamı doğrultmağa hazıram. Mənim üçün əsas komandanın uğuru və bu işdə Turalın əməyinin olmasıdır. Əvvəlki iki mövsümdə də "Kəpəz”in formasını geyinmişəm. Yayda klubdan ayrılsam da, qış fasiləsində geri döndüm. Cari çempionatda turnir cədvəli baxımından yaxşı yerdə deyilik, amma vəziyyəti düzəltməyə çalışırıq. Komandanın əvvəlki şöhrətini qaytaracağımıza inanıram”.
Qeyd edək ki, aprelin 7-də Gəncə şəhər stadionunda keçiriləcək "Kəpəz" - "Keşlə" matçı saat 15:00-da başlanacaq.