ABŞ-ın "Los-Anceles Qelaksi" klubunun futbolçusu Zlatan İbrahimoviç dünya çempionatına FİFA tərəfindən buraxılmayacağına dair xəbərlərə sərt reaksiya verib.
Sportnet.az-ın "Exspressen"ə istinadən məlumatına görə, isveçli hücumçu ali futbol qurumunun ona maneçilik törətməyə qadir olmadığını açıqlayıb. "Harada olmaq istəsəm, orada olacağam. Bu, yığmaya da aiddir. Oynamaq istəsəm, belə də olacaq. Bunun FİFA-ya dəxli yoxdur. Bu, mənim işimdir" deyə o bildirib.
Daha əvvəl İbrahimoviçin bukmeyker şirkətinin reklam çəkilişlərində iştirak etdiyinə dair məlumat yayılıb. Üstəlik, 37 yaşlı forvard firmanın sahiblərindən birinə çevrilib. Beləliklə, oyunçu FİFA-nın etika qaydalarının müvafiq bəndini poza bilər. Həmin bəndə əsasən, futbolçuların pul qoyuluşlarına hansısa formada bağlılığı ola bilməz.
İbrahimoviç İsveç yığmasındakı karyerasını 2016-cı il Avropa çempionatından sonra başa vurub. Lakin o, yaxınlarda bildirib ki, DÇ-2018-də iştirak üçün milliyə qayıda bilər.










































































