Futzal üzrə Azərbaycan millisinin üzvü Kənan Manafov AFF-nın rəsmi səhifəsinin suallarını cavablandırıb.
Sportnet.az Azərbaycanın futbol üzrə müxtəlif yaş qrupları üzrə milli komandalarında da çıxış edən "Neftçi"nin yetirməsinin müsahibəsini təqdim edir:
- Əvvəlcə Türkiyə ilə oyundan danışaq. Böyükhesablı qələbədən sonra danışmaq çətin olmur adətən...
- Hər şey yaxşı idi. Bir neçə gün məşqlər etdik, müəyyən "ev tapşırıqları” hazırladıq və bəhrəsini gördük. Açığı, Türkiyə millisi də zəif deyildi. Ancaq yekunda biz məqsədimizə çatdıq. Bəli, danışmaq asandı, ancaq nəticə özü bütün sualları cavablandırır.
- İkinci hissədə bir qədər ehtiyatlı oynamağa başladınız. Hesabdakı fərq böyük olduğuna görə, belə qərara gəldiniz?
- Bu, bir qədər də məcburiyyətdən oldu. Yorğun idik. İntensiv məşqlər, iki gün ərzində ardıcıl iki yoxlama oyunu keçirməyimiz təsirini göstərdi. Vaxtımız az olduğuna görə, tam hazırlaşa bilmədik.
- Futzala keçdikdən sonra ilk dəfə millinin forması altında oyun keçirdin. Özünü necə hiss edirdin?
- Əslində, millində əvvəllər çıxış etmişdim. Aşağı yaşlı futbolçulardan ibarət müxtəlif yığma komandalarda oynamışam. Bu baxımdan öyrəncəli olduğumu deyə bilərəm. Əlbəttə, böyük futbolla futzal fərqlidi. Ab-havadan tutmuş, oyun dəsti-xəttinə, taktiki gedişlərə qədər hamısı bu oyunları ayırır.
- İkinci Liqadan milliyə cəlb ediləcəyini necə, gözləyirdinmi?
- Nə gizlədim, gözləmirdim. Çünki seçim zamanı Yüksək və Birinci Liqalara üstünlük verilir. Ancaq millinin baş məşqçisinin tez-tez oyunlarımızı izləyədiyini görürdüm.
- Alesionun tapşırıqlarını yerinə yetirmək çətin deyildi?
- Əlbəttə, çətin idi, ancaq çalışırdıq yerinə yetirək. İstədiyini tam verə bilməsək də, 50/70 faiz buna nail olduq. Çox işləmək lazımdı.
- Böyük futbolu futzala dəyişməyinin səbəbini bilmək olar?
- Böyük futbol üçün "qoca” sayılırdım, ona görə də ordan ayrıldım.
- Ancaq bir ara "Neftçi”nin əsas heyətinə cəlb edilmişdin və perspektivli oyunçulardan biri idin. Nə baş verdi ki, "qoca”ldığını anladın?
- Zədə aldım, sonra isə toparlana, əvvəlki formamı bərpa edə bilmədim. Qərara aldım ki, məkanı, mühiti dəyişmək lazımdı.
- Futzalla bağlı perspektiv, gözləntin nədi?
- Milli komandaya yüksəlmək haqda düşünürəm. Bütün fikrim bununla bağlıdı.
- Amma bunun üçün Yüksək Liqa klublarında oynamaq lazımdı. Milli komandada oynamaq üçün İkinci Liqanın səviyyəsi çox aşağıdı.
- İkinci Liqa futzala uyğunlaşmaq baxımından tramplin idi. Artıq Yüksək Liqa komandaları ilə danışıqlar aparıram. EKOL-la anlaşmağım mümkündü.
- Böyük futboldan futzala adaptasiya çətin olmadı?
- Bir ilə yaxındı futzaldayam. Çətinlik var idi. Böyük futbolda tələblər, meydanda hərəkət fərqlidi. Ancaq futzalda hər şey sırf taktiki gedişlərə söykənir. Bir qədər istiqamət verildikdən sonra, uyğunlaşmağım çətin olmadı.
- Böyük futbolla müqayisədə futzalda qazanc elə də çox deyil.
- Qazanc ikinci dərəcəlidi, vacib olan oynamaq, məqsədinə çatmaqdı.