Azərbaycan Kubokunda yarımfinal mərhələsinin daha bir ilk oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, Qəbələ şəhər stadionunda eyniadlı komanda "Neftçi"ni qəbul edib. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Ağ-qaralar" hər iki qolu birinci hissədə vurublar. 29-cu dəqiqədə Lukas Qomes, 45-ci dəqiqədə isə Namik Ələskərov fərqlənib. Meydan sahiblərindən isə 90+1-ci dəqiqədə Stiven Jozef-Monroz təsəlli qolunun müəllifi olub.
"Qəbələ" oyuna bir sıra itkilərlə çıxıb. Zədə üzündən qapıçı Dmitri Bezotosnı, müdafiəçi Vitali Vernidub və hücumçu Baqali Dabo oynamayıb. "Neftçi"dən isə kapitan Ruslan Abışov cəzalı olduğu üçün forma geyinməyib.
Səfər matçı olmasına rəğmən, flaqmanı dəstəkləməyə kifayət qədər azarkeş gəlib. Tribunada onların arasında Abışov da yer alıb. İkinci hissədə həm "Qəbələ", həm də "Neftçi" tərəfdarları olan sektorda pirotexniki maddə yandırılıb ki, bu da hər iki klubun cərimələnəcəyi anlamını verir.
Bu məğlubiyyət "Qəbələ"nin finala vəsiqə şanslarını xeyli azaldıb. Aprelin 18-də Bakıda keçiriləcək cavab görüşündə flaqmana hətta minimal hesablı məğlubiyyət də kifayət edəcək.
Qeyd edək ki, yarımfinal mərhələsinin digər ilk oyununda "Keşlə" "İnter Arena"da "Sumqayıt"ı yenib - 1:0.
-----------------------------------------------
"Keşlə" və "Sumqayıt" komandaları arasında Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunu keçirilib.
Sportnet.az xəbər verir ki, "İnter Arena"da baş tutan görüşdə "Keşlə" klubu 1:0 hesabı ilə qələbə qazanıb.
Qarşılaşmada yeganə qolu 90+1-ci dəqiqədə Sezar Meza Kolli vurub.
Qeyd edək ki, yarımfinal mərhələsinin digər ilk görüşü "Qəbələ" və "Neftçi" arasında keçiriləcək. Əyalətdə baş tutacaq görüş saat 18:00-da start götürəcək. Yarımfinal mərhələsinin cavab qarşılaşmaları aprelin 18-də olacaq.
----------------------------------------
Bu gün Azərbaycan Kubokunda yarımfinal mərhələsinə start veriləcək.
Sportnet.az-ın məlumatına görə, ilk oyunların biri paytaxtda, digəri isə Qəbələdə keçiriləcək.
Günün ilk matçında "Keşlə" "Sumqayıt"ı qəbul edəcək. Azərbaycan çempionatlarında dəfələrlə qarşılaşmış komandalar ilk dəfə kubokda üz-üzə gələcəklər. "Sumqayıt" mərkəz müdafiəçiləri sarıdan sıxıntı ilə üzləşib. "Gənclər şəhəri” təmsilçisinin heyətində cəzalı Bəxtiyar Həsənalızadənin meydana çıxmayacağı dəqiqdir. Zədəli Vurğun Hüseynovun isə oynayıb-oynamayacağı bilinmir. "Keşlə”də isə zədəli müdafiəçilər - Cabir Əmirli və Murad Qayalı iştirak edə bilməyəcək. Yüngül zədəsi olan qapıçı Kamran Ağayevin durumu isə sual altındadır.
"Qəbələ" isə doğma azarkeşlər önündə "Neftçi" ilə üz-üzə gələcək. Bu komandalar indiyədək ölkə kubokunda 3 oyun keçiriblər. Hər 3 qarşılaşma eyni hesablı heç-heçə ilə başa çatıb - 1:1. Duellərin ikisinin taleyinə penaltilərdə aydınlıq gəlib. "Neftçi" 4 il öncə finalda, iki il öncə isə yarımfinalda qələbə qazanıb.
"Qəbələ” zədə səbəbindən qapıçı Dmitri Bezotosnı və mərkəz müdafiəçisi Vitali Vernidubun xidmətindən yararlana bilməyəcək. Premyer Liqanın XXII turunda "Zirə” ilə səfər matçında xəsarət alan Baqali Dabonun durumu isə böyük sual altındadır.
"Neftçi”də yeganə itki kapitan Ruslan Abışovdur. Mərkəz müdafiəçisi cəzalı olduğu üçün "Qəbələ” ilə görüşü buraxacaq.
Azərbaycan Kuboku
Yarımfinal, ilk oyunlar
12 aprel (cümə axşamı)
16:00. "Keşlə” – "Sumqayıt” - 1:0
Qol: Sezar Meza Kolli, 90+2
Hakimlər: Rəhim Həsənov, Knyaz Əmiraslanov, Vüqar Bayramov, Ömər Paşayev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Hakim-inspektor: Xaqani Məmmədov
Bakı, "İnter Arena”
18:00. "Qəbələ” – "Neftçi” - 1:2
Qollar: Stiven Jozef-Monroz, 90+1 - Lukas Qomes, 29. Namik Ələskərov, 45
Hakimlər: İnqilab Məmmədov, Akif Əmirəli, Yaşar Abbasov, Orxan Məmmədov
AFFA nümayəndəsi: Şaiq Həmidov
Hakim-inspektor: Vüsal Əliyev
Qəbələ şəhər stadionu