"Çətin oyun oldu. "Keşlə” ilk görüşdə bizi 1:0 hesabı ilə məğlub etmişdi. Bizim üçün çətin idi. Bir az psixoloji gərginlik vardı ki, qol vurmalıyıq. Bu da öz oyunmuzu göstərməyə mane oldu. Ona görə də bu cür nəticə qeydə alındı”.
Sportnet.az xəbər verir ki, bunu "Sumqayıt”ın futbolçusu Bəxtiyar Həsənəlizadə "Keşlə” ilə Azərbaycan Kubokunun yarım final mərhələsinin cavab görüşündə 1:1 hesablı heç-heçədən sonra söyləyib.
25 yaşlı müdafiəçi kubokla vidalaşdıqları üçün bütün fikirlərini Premyer Liqaya yönəldəcəklərini söyləyib: "Kubokla vidalaşdıq. Fikrimizi çempionata yönəldirik. Ən azı üçüncü yeri qorumalıyıq. Hələlik imkan olduğu üçün ikinci pillə üçün də vuruşacağıq. Oyundan sonra paltardəyişmə otağımızda ab-hava yaxşı deyildi. O mənada ki, hamı üzgündür. Həyat davam edir. Kubokda dayandınsa, bu, çempionatda da dayanacağımız anlama gəlmir. Yaxşı nəticə əldə etməyə çalışacağıq. Komandada yorğunluq hiss olunur. Üçgündən bir oyunlara vərdiş etməmişik. Çalışdığımız qədər vuruşduq, amma alınmadı”.
Həsənəlizadə matçın 71-ci dəqiqəsində rəqib futbolçu Sezar Meza Kolliyə qarşı sürüşmə fəndi etdikdən sonra "Keşlə”nin baş məşqçisi Yuri Maksimovla yaşadığı insidentə də toxunub: "Meza Kollinin ayağına bir az sərt girdim. Belə baxanda, topu götürmüşdüm. Sadəcə olaraq, baş məşqçiləri reaksiya verdi. Bunu böyütməyə ehtiyac yoxdur. Maksimov oyundan sonra gəlib, üzr istədi”.