"İstədiyimiz oyunu sərgilmədik. Komanda özünə bənzəmirdi. Arxayınlığını bədəlini verdik. Səhvlərimizdən uduzduq. Kubokla artıq vidalaşdıq və fikrimizi çempionata cəmləməliyik. 3-4-cü yerlər uğrunda mübarizə aparmağa çalışacağıq. İstədiyim futbolu meydanda görmədim. Bu oyunu unutmalıyıq".
Sportnet.az xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Tərlan Əhmədov evdə "Qəbələ"yə 1:3 hesabı ilə uduzduqları Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab görüşündən sonra mətbuat konfransında deyib. Daha sonra 47 yaşlı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb...
- İstədiyiniz futbolu görməməyinizin səbəbi nə idi?
- Topla oynayan futbolçuları meydana buraxmışdım. Meydanda komanda oyunu görmədim. Cinahlar hücumlara kömək edə bilmədi. Kubokun ilk matçından sonra "Zirə”yə də qalib gəlmişdik. Ola bilər ki, arxayınlıq var idi. Hesabı açdıqdan sonra bəlkə də rahatlaşdıq. Bu da bizə baha başa gəldi. Rəqibin hücum xətti çox güclüdür.
- Kubokda mübarizəni dayandırmaq sizi necə motivasiya edəcək?
- İstəyirəm ki, komanda yaxşı olsun. Münəccim deyiləm. Məğlub olmuşuqsa, bu görüşü unutmalı, səhvlərimizi analiz etməli, çempionata köklənməliyik. Qışdan əvvəl komandada ruh düşkünlüyü var idi. Ancaq bunu aradan qaldırmışdıq. Komanda özünü motivasiya edə biləcək. Futbolçular bu vəziyyətdən çıxa bilərlər.
- Ruslan Abışov penaltiyə səbəb oldu. Onu nə üçün əvəzləmədiniz?
- Elə futbolçuları həmin anda əvəzləmək düzgün deyil. Səhvsiz insan yoxdur. Yığma üzvüdür, səhv edibsə, dəstək olmaq lazımdır. Bir oyunla hər şey bitmir. Qarşıda 5 oyun var. Onu uzun futbol həyatı gözləyir. Belə anda onun davam etməsini lazım bildim.
- Premyer Liqadan da avrokuboklara vəsiqə qazanmasanız, istefa verəcəksiz?
- Bəli, istefa verəcəyəm.