"Hər şey yaxşıdır, qarşıdakı oyuna da plan üzrə məşq etmişik. Həftə ərzində məşqçilər korpusunun təlimatları ilə hazırlaşmışıq”.
Sportnet.az-ın məlumatına görə, bunu "Kəpəz”in futbolçusu Quli Manjqaladze Topaz Premyer Liqasının XXIV turunda səfərdə "Səbail”ə qarşı keçirəcəkləri oyun haqda danışarkən deyin.
Gürcüstanlı yarımmüdafiəçi meydana qələbə üçün çıxacaqlarını bildirib: "Uğurlu nəticəyə köklənmişik. Açığı, qələbə qazanmaq istəyirik. İndiki məqamda bizi yalnız 3 xal qane edir. Asan matç olmayacaq, ümumiyyətlə, çempionatda rəqiblərin hamısı güclüdür və ona görə də hər bir oyun ağır keçir. Qələbə qazanmaq üçün bütün bacarığımızı ortaya qoyacağıq”.
Manjqaladze "sarı-göylər”in ötən tur "Qarabağ”a qarşı keçirdiyi oyun haqda da danışıb: "Bu kluba qarşı hələ "Samtredia”da çıxış edərkən Çempionlar Liqasında oynamışdım. "Kəpəz”in heyətində isə çempionat matçlarında onlarla yenidən üz-üzə gəldim. Hər iki yarışda "Qarabağ”la oynamaq asan məsələ deyil. Amma Premyer Liqada rəqibimizdən istər səfər, istərsə də ev oyununda xal ala bilərdik. Hər iki qarşılaşmada 0:1 hesabı ilə uduzduq. Ələ düşən qol epizodlarından maksimum şəkildə istifadə etməli idik. Demək olar ki, bütün oyunlarda çoxlu qol vəziyyətləri yaradırıq amma dəqiq yararlana bilmirik”.
26 yaşlı oyunçu "Kəpəz”in turnir cədvəlindəki mövqeyinə də toxunub. O, son pillədən qurtulmağa çalışdıqlarını söyləyib: "Vəziyyəti düzəltməyə çalışırıq, hər oyuna bu istəklə çıxırıq. Komandamızın göstərdiyi oyuna görə deyə bilərəm ki, sonuncu yerə layiq deyilik. Qarşıda 5 tur var. Autsayder mövqeyindən yaxa qurtarmaq üçün iki qat əzmlə mübarizəni davam etdirəcəyik”.
Legioner sonda azarkeşlərin ünvanına da xoş sözlər deyib: "Fanatlarımıza təşəkkür edirəm, onlar ən yaxşı sözlərə layiqdirlər. Sonuncu yerdə olmağımıza baxmayaraq azarkeşlər hər zaman bizi dəstəkləyirlər. Stadiona çoxlu sayda tamaşaçı gəlir. Nəticədən asılı olmayaraq komandanı bu qədər azarkeşin dəstəkləməsi çox şey deməkdir. Heç də bütün klubların fanatları belə deyil. Ürəklə deyə bilərəm ki, bizim azarkeşlər çempionatın ən yaxşısıdı. Mənim üçün bu vəziyyət çox xoşdur. Belə də davam edib oyunumla onların sevgisini qazanmağa çalışacağam”.
Qeyd edək ki, aprelin 22-də "Bayıl Arena"da keçiriləcək "Səbail" - "Kəpəz" matçı saat 17:00-da başlanacaq.