"Oyun qarşılıqlı hücumlar şəraitində keçdi. Rəqib bir yaş kiçik futbolçulardan qurulsa da, fiziki göstəricilərinə görə geri qalmırdılar".
Sportnet.az xəbər verir ki, bunu 2003-cü il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Azər Məmmədovun Antalya bölgəsindəki beynəlxalq turnirdə Türkiyənin 2004-cü il təvəllüdlü futbolçulardan ibarət yığması ilə keçirdikləri yoldaşlıq görüşündən sonra deyib.
O, iki komandanı belə müqayisə edib: "Beynəlxalq oyun təcrübəsi və birgə oyun vərdişi baxımından demək olar ki, rəqib komanda uzun müddətdir yığılıb. Bizdə isə komanda yeni qurulub, beynəlxalq oyun təcrübəsi yoxdur. Buna baxmayaraq, uşaqlar yaxşı oynadılar. Gələcəkdə yaxşı milli komanda formalaşdırmaq üçün ümid verdilər. Təbii ki, çatışmazlıqlar var və onların üzərində işləmək üçün vaxtımız olacaq. Əsasən futbolçuların bir-birlərinə uyğunlaşmasında, xətlərarası əlaqədə problemlərin olduğu görünürdü".
Bunun fonunda gənc mütəxəssis futbolçuların ilk beynəlxalq oyunda qorxmaması, cəsarətli oynamasını sevindirici hal kimi dəyərləndirib: "Komandamız ürəklə hücuma çıxırdı. Qol imkanlarımız oldu, qələbə qazana da bilərdik".