Topaz Premyer Liqasının XXV turunda evdə "Səbail”ə 1:2 hesabı ilə məğlub olan "Sumqayıt”ın baş məşqçisi Samir Abasov oyundan sonra mətbuat konfransı keçirib.
Sportnet.az-ın məlumatına görə, o əvvəlcə oyun haqqında danışıb:
- Rəqibərimizin məğlubiyyətindən sonra işimizi rahatlaşdırmaq üçün qalib gəlməli idik. Təssüf ki, alınmadı. Pis oynamadıq. Qol epizodlarımız oldu,reallaşdıra bilmədik. Son tura qədər əziyyət çəkəcəyik. Çətin Gəncə səfəri olacaq. Nə bacarırıqsa, onu edəcəyik. Heç kimi günahlandırmaq istəmirəm. Oyunçuların hamısı qalib gəlmək istəyirdi.
- Dünənki qarşılaşmaların nəticəsi bugünki oyuna təsir etdimi?
- Dünənki oyunlarda rəqiblər udsaydı, başqa cür oynayacaqdıq desəm, düzgün çıxmaz. Bu gün də pis oynamadıq. Qol buraxandan sonra təlaşlandıq. Udmaq istəyirdik, Can yandırırdıq. İşimizi daha da rahatlaşdırmaq barədə düşündük. Bizim taleyimizə bu il sona qədər mübarizə aparmaq yazılıbsa, onu da edərik.
- Sizcə, "Səbail" qələbəyə layiq idi?
- Rəqib qələbə qazanıbsa, deməli, layiqdir. Oyunun əvvəlindən hücumlar edirdik. Düşünürdüm ki, biz qol vuracağıq. Rəqibin qələbəsini qiymətləndirməmək istəmirəm. Oyun heç-heçə olsa, yenə razı olmayacaqdım. Rəqibi təbrik edirəm. Əllərindən gələni etdilər. Yaxşı oynadılar və əks-hücumlarda effektli oyun göstərdilər. Vaxt uzatmadan da yaxşı istifadə etdilər. Qələbəyə biz daha istəkli idik.
- İkinci hissədə meydana buraxdığınız futbolçuları start heyəti kimi qeydə alsaydınız, sizcə hesab fərqli olardımı?
- İkinci hissədə məcbur olub heyəti dəyişdik. Bir sistemdə oynayırıq, ancaq futbolçular formadan düşəndə məcbur qalıb müəyyən dəyişikliklər ediirk. Xəyal Nəcəfovu birinci dəqiqələrdən riskə atmaq istəmədik. Rəşadın zədəlidir. Ancaq Amil Yunanov haqqında bunu deməzdim. İstədiyimizi birinci hissədə gördüm, sadəcə alınmadı.
- Cavid İmamverdiyev sanki son 3 oyundu futbol oynamır. Bəlkə fikri başqa yerdədir?
- Bilmirəm, fikri hardadı... İnanmıram ki, oyundankənar nəsə düşünsün. Cavid bu komandaya ürəyini qoyub. Siz qəbul edin ki, futbolçuya təklif gəlməyi normaldı, oyunu alınmaması da normaldı. İnanmıram ki, Cavid hansısa təklifə görə tam mübarizə aparmasın.
- Vurğun Hüseynovun oynamadığı müddətdə komandanın nəticəsi heç də ürəkaçan olmur...
- Razı deyiləm, müdafiəçilrimizin hamısı yaxşıdı. Vurğun komanda ilə birlikdə məşqlərə başlayıb. Növbəti oyunda meydana çıxa bilər.