"Qəbələ”nin kapitanı Cavid Hüseynov "qırmızı-qaralar”ın mövsümlərarası hazırlığını dəyərləndirib.
Sportnet.az xəbər verir ki, komandanın Sloveniya toplanışına zədə səbəbindən iyunun 27-də qoşulan yarımmüdafiəçi klubun rəsmi saytına açıqlamasında kollektivdaxili əhval-ruhiyyənin yüksək səviyyədə olduğunu bildirib.
Onun fikrincə, futbolçular arasında mehriban ünsiyyət hiss olunur: "Oyunçularla baş məşqçinin peşəkarlığa söykənən yaxın münasibətləri var. Bu da sevindirici haldır. Sənan Qurbanov daha əvvəl bir neçə oyunluq komandaya baş məşqçi kimi rəhbərlik edib. Bu dəfə onun fəaliyyəti uzunmüddətli və "Qəbələ” üçün uğurlu olacağına inanıram. Məşq prosesi də yaxşı səviyyədə keçir. Bütün oyunçuların səylə məşq etdiyi, inkişafa çalışdığı hiss olunur. Qarşıda bizi Avropa Liqasının oyunları gözləyir. Bu turnirdə yaxşı nəticə qazanmaq istəyirik”.
Yarımmüdafiəçi I təsnifat mərhələsinin Lüksemburq "Proqres”i ilə ilk oyununa hazır olmağa çalışdığını qeyd edib: "Əsas müalicə dönəmini arxada qoymuşam. 2-3 günə komanda ilə kollektiv çalışmalara qoşulacam. "Proqres”lə ilk görüşdə iştirak edib-etməyəcəyim hələ dəqiqləşməyib. Zədədən sonra tam sağalsam belə, meydana çıxmağımla bağlı qərarı baş məşqçi verəcək. Komandanın uğuru üçün hansı addım məqsədəuyğundursa, o addım da atılacaq”.
Hüseynov ilk rəqib barədə də fikirlərini bölüşüb: "Proqres" haqda əldə etdiyimiz məlumatlara əsasən onları təhlil etmişik. Kifayət qədər ciddi rəqib, yaxşı komandadır. Komandamız da matça ciddi yanaşır. Bizim üçün ən vacib olan nəticədir. Bunu istəyiriksə, rəqibi özümüzdən üstün hesab etməli, buna uyğun hazırlıq keçməliyik”.