Ötən gün axşam saatlarında Türkiyədən təlim-məşq toplanışından qayıdan "Neftçi” hazırlığa ara vermədən davam edir.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, "ağ-qaralar" bu gün səhər saatlarında İsmət Qayıbov adına təlim-məşq bazasında məşqə çıxıb. Bütün futbolçuların iştirak etdiyi yüngül xarakterli çalışmalardan sonra baş məşqçi Roberto Bordin yetirmələrini istirahətə buraxıb. Hazırlıq sabah iki məşqlə davam edəcək.
"Neftçi”nin hazırlıq prosesi iyunun 17-də Bakıda başlayıb. İyunun 22-də Türkiyəyə yollanan komanda iyulun 6-dək qardaş ölkədə 4 yoxlama oyununda gücünü sınayıb.
Flaqman Avropa Liqasının I təsnifat mərhələsində ilk oyununu iyulun 12-də "Dalğa Arena”da Macarıstan "Uypeşt”inə qarşı keçirəcək. Oyun saat 21:00-da başlanacaq.














































































