"Zirə”də olduğum vaxtda ən zəif komanda gördüm. Oyundan öncə bir qədər problemlərimiz oldu. Pərdis Fərcad-Azad zədələndi. Ancaq yenə də rəqibin istəyi bizdən çox idi və buna görə də qalib gəldilər”.
Sportnet.az xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Ayxan Abbasov evdə "Sabah" komandasına 0:2 hesabı ilə uduzduqları Topaz Premyer Liqasının III tur matçından sonra mətbuat konfransında deyib. Gənc mütəxəssis jurnalistlərin suallarını da cavablandırıb...
– Müdafiədə xeyli boşluqlar var idi. Bu, nə ilə bağlıdır?
– Bilirdik ki, "Sabah” oyunu əks-hücumlardan quracaq. İlk dəqiqələrdən iki kobud səhv etdik. Tək müdafiəçiləri deməzdim. Komanda şəklində zəif oynadıq.
– "Pəncərə" bağlananadək transfer etməyi düşünürsünüz?
– Tam komanda ilə məşq edə bilmirik. Etdiyimiz transferləri hələ bir yerə yığa bilmirik. Zədəlilərimiz çox olur. Bu gündən sonra transfer etmək çətindir. İstədiyimiz futbolçu çıxsa, ola bilər.
– İlk turda "Zirə" ilə oyununu təxirə salan "Qarabağ” planlarınızı nə dərəcədə pozdu?
– Məğlubiyyət olanda çox bəhanələr tapılır. Əsas odur ki, bu gün meydanda oyun olmadı. Oynayıb uduzsaydıq, razılaşardım. Amma biz bu gün oynamadıq.
– Qarşıda fasilə var. Planlarınız varmı?
– Hələ çempionatın əvvəlidir. Demişdim ki, çox çətin olacaq. Komandalar bir-birilərinə yaxındır. Hər komandada istək var. Rahat kimisə məğlub edə bilmərik. Fasilədən istifadə etməliyik. İki günlük istirahətdən sonra bu oyunu da anaiz edəcəyik.
– İlk hissədə iki oyunçunuzu əvəzləməyiniz nə ilə bağlıdır?
– Açığı, daha tez dəyişmək istədim. Top meydanı tərk etmirdi deyə əvəzetmə olmurdu. Hər iki əvəzetmə məcburidir. Həm də oyun elə gedirdi ki, üçüncü qolu buraxmamaq üçün bu addımı atdım. Deməzdim ki, heyət düzgün qurulmayıb. Futbolda belə şeylər olur. Hər bir komandanın başına gələn hadisədir.