"Qarabağ” Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.
Sportnet.az xəbər verir ki, Ağdam təmsilçisi II turda İngiltərənin "Arsenal” komandasını qəbul edib. Bakı Olimpiya Stadionunda baş tutan matç qonaqların qələbəsi ilə yekunlaşıb – 3:0. Londonluların heyətində Sokratis Papastatopulos, Smit Rou və Metteo Qenduzi fərqlənib. Onlar müvafiq olaraq, 4, 53 və 80-ci dəqiqələrdə qol vurublar. Hər 3 oyunçu "Arsenal"ın heyətində qol hesabını açıb.
E qrupunun digər matçında Ukrayna "Vorskla”sı evdə Portuqaliyanın "Sportinq” komandasını qonaq edib. Oyun lissabonluların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Bu nəticələrdən sonra "Arsenal” və "Sportinq” hərəyə 6 xalla liderliyi bölüşürlər. İlk turda da uduzan "Vorskla”la ilə "Qarabağ” 3-4-cü pillələrdə qərarlaşıblar.
____
Bu gün "Qarabağ” komandası avrokuboklarda növbəti oyununa çıxacaq.
Sportnet.az xəbər verir ki, Ağdam təmsilçisi Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində İngiltərə "Arsenal”nı qəbul edəcək. Bu, "topçular”ın Azərbaycan təmsilçisinə qarşı ilk matçı kimi tarixə düşəcəksə, "Qarabağ” daha əvvəl bu ölkənin Tottenhem” (0:1, 1:3) və "Çelsi” komandaları ilə qüvvəsini sınayıb.
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv qrup mərhələsinə Portuqaliyada "Sportinq”ə 2 cavabsız qolla məğlubiyyətlə başlayıb. "Arsenal” isə evdə Ukraynanın "Vorskla” komandasını 4:2 hesabı ilə üstələyib.
"Qarabağ” bu mövsüm evdə keçirdiyi avrokubok oyunlarında cəmi bir qol buraxıb. Ötən mövsümün son matçında isə "Çelsi”dən 4 top görüb. Londonlular isə ötən mövsüm avrokuboklarda 7 səfər matçında 4 dəfə qalib gəlib, 2 dəfə məğlub olublar.
"Arsenal” keçirdiyi son 7 oyunda qalib gəlib. Bu matçlardan 5-i İngiltərə Premyer Liqasına, 1-i ölkə kubokuna, 1-i isə Avropa Liqasına təsadüf edib. "Topçular” hazırda 15 xalla 5-ci pillədə qərarlaşıb.
"Qarabağ” Avropa Liqasının qrupunda mübarizəyə məğlubiyyətlə başlasa da, Premyer Liqada uduzmayıb. Ağdamlılar 6 oyundan 5-də qalib gəlməklə, 16 xal toplayıblar və "Neftçi” ilə liderliyi bölüşürlər.
"Arsenal” rəhbərliyi 22 ildən sonra bu ilin mayında komandanın baş məşqçisi postunu tərk edən Arsen Vengeri İspaniya "Sevilya”sı ilə 3 dəfə Avropa Liqasının qalibi olan Unai Emeri ilə əvəzləyib. 46 yaşlı mütəxəssis əsas hədəfi London təmsilçisində avrokubokda titul qazandırmaqdır.
2017/18 mövsümündə ardıcıl 5-ci dəfə Azərbaycan çempionu olan "Qarabağ” bütün hallarda avrokubokların qrup mərhələsində iştirak edib. Lakin heç vaxt qrupdan çıxa bilməyib.
Hər iki komanda oyuna itkilərlə çıxacaq. "Qarabağ”da müdafiəçilər - Rəşad Sadıqovla Donald Gery və yarımmüdafiəçilər - Dani Kintana ilə Simeon Slavçev zədəlidir. Arsenalda isə qapıçı Petr Çex, müdafiəçi Loran Koselni və Konstantinos Mavropanos, habelə, yarımmüdafiəçi Eynsli Meytlend-Naylz da eyni səbəbdən matçı buraxacaq.
Avropa Liqası
Qrup mərhələsi, II tur
20:55. "Qarabağ” (Azərbaycan) – "Arsenal” (İngiltərə) - 0:3
Qollar: Sokratis Papastatopulos, 4. Smit Rov, 53. Metteo Qenduzi, 80
Baş hakimlər: Davide Massa
Yan xətt hakimləri: Filippo Meli, Alessandro Kostantso
Əlavə köməkçi hakimlər: Daniele Doveri, Mixael Fabri
Dördüncü hakim: Fabiano Preti (hakimlər briqadası Fransadandır)
Hakim-inspektor: Nikolay Levnikov (Rusiya)
UEFA nümayəndəsi: İstvan Huszar (Macarıstan)
Bakı Olimpiya Stadionu