AFFA İntizam Komitəsi I Divizionda çıxış edən "Səbail-2” klubunun futbolçusu Murad Məmmədovu 5 oyunluq cəzalandırıb.
Sportnet.az xəbər verir ki, səbəb Azərbaycan "Zaqatala” ilə IX tur matçının 55-ci dəqiqəsində onun qırmızı vərəqə aldıqdan sonra meydanı tərk edərkən hakimə qarşı fiziki təzyiq göstərməsi olub. "Səbail-2” klubu isə buna görə 400 manat cərimə olunub. Xəlil Xəlilovun idarə etdiyi qarşılaşma "Zaqatala"nın 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Analoji hal futzal üzrə Azərbaycan çempionatının İkinci dəstəsinin "Atletiko Baku” – "Rəvan” matçında da baş verib. 11-ci dəqiqədə "Atletiko Baku”nun məşqçisi Zaur Səmədov hakimlər briqadasını təhqir etdiyi üçün texniki zonadan kənarlaşdırılıb. Görüş bitdikdən sonra isə o, hakimlər briqadasına fiziki təsir göstərməyə cəhd etdiyi üçün 10 oyunluq cəzalanıb. Oyunu FİFA futzal referisi Elçin Səmədli və Kənan Məlikov idarə edib.