Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Vorskla" komandası Ukrayna Premyer Liqasında XVI tur matçına çıxıb.
Sportnet.az-ın məlumatına görə, Poltava təmsilçisi İlyiçevets şəhərində "Mariupol"un qonağı olub. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 58-ci dəqiqədə Aleksandr Zubkov vurub. Bu məğlubiyyətdən sonra "Vorskla" 24 xalla 4-cü pillədə qalıb. Xallarını 23-ə çatdıran "Mariupol" isə 6-cı pilləyə yüksəlib.
"Qarabağ" "Vorskla"ya Bakıda 0:1 hesabı ilə uduzsa da, səfərdə eyni hesabla qalib gəlib. Hazırda hər iki komandanın 3 xalı var.
Qeyd edək ki, Azərbaycan millisinin futbolçusu Pavlo Paşayevin yer aldığı "Aleksandriya" komandası noyabrın 25-də Kiyev "Dinamo"sunu qəbul edəcək.