"Neftçi”nin hücumçusu Mirabdulla Abbasov Azərbaycan Kubokunun 1/4 final mərhələsində "Sumqayıt”a 0:2 hesabı ilə uduzduqları ilk oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
Sportnet.az həmin müsahibəni təqdim edir:
- Oyun haqqında nə deyə bilərsiniz?
- Yaxşı başlamadıq, iki qol buraxdıq. Sonradan imkanlarımız olsa da, qol vura bilmədik. Bu qarşılaşmanı iki hissə olaraq dəyərləndirirəm, hələ ilk hissə geridə qalıb. Cavab matçında yaxşı olacağını düşünürəm.
- "Neftçi” heç özünə oxşamırdı. Əvvəlki oyunlardakı kim qol vəziyyətləri yarada bilmirdiniz, komanda istəkli görsənmirdi. Nə baş verir?
- Rəqib oyuna çox ciddi hazırlaşmışdı. Əsas bu amil bizə mane olurdu.
- Son iki oyunda bu rəqiblə qarşılaşmısınız. Çempionatda 0:0, bu dəfə 0:2. Komandada eniş dövrü başlayıb?
- Belə deməzdim. Heç bir komanda bütün oyunlarda qalib gələ bilməz. Məncə, eniş dövrü deyil. İkinci oyunda əlimizdən gələni edib lazım olan nəticəni qazanacağıq.
- Çempionatdakı oyundan sonra hiss edirdinizmi ki, kubokda da bu rəqibə qarşı çətinliklə üzləşəcəksiniz...
- "Sumqayıt” yaxşı komandadır. Çox əla müdafiə olunurlar.
- Bu gün tribunada "Forza Neftçi”nin yoxluğu nə dərəcədə hiss olunurdu?
- Fanatlarımızın oyunda olmamağı ümumi atmosferə təsir eləsə də, nəticəni ona bağlamazdım. Müəyyən təsiri var, amma onların yoxluğu qlobal problem deyil.
- Cavab oyunu öncəsi "Neftçi”nin turu keçmək şansı nə qədərdir?
- Əsas odur ki, oyuna psixoloji cəhətdən düzgün hazırlaşaq. Belə olarsa, komanda yoldaşlarıma inanıram və mərhələ keçəcəyimizi düşünürəm.
- Karikari keçən oyundan sonra müsahibəsində demişdi ki, oynamamağımın əsas səbəbi Mirabdulladır. Bu fikrə münasibətiniz necədir?
- Nə deyim? Sevindirici haldır ki, belə fikirləşir.
- "Qarabağ” Avroliqada çıxışını başa vurdu. Qışdan sonra rəqabətin daha güclənəcəyini gözləyirsiz?
- Ola bilər, amma düşünürəm ki, "Qarabağ”ın onsuz da geniş heyəti var idi və müxtəlif cəbhələrdə mübarizə aparacaq gücdədi. Ona görə çox da fərq etməyəcəyini fikirləşmirəm.