“Rəqib Qazaxıstanın 3-4 ən güclü komandasından biridir. Bu klub oturuşmuş heyətə, səviyyəli legionerlərə, milli üzvü olan futbolçulara malikdir".
Sportnet.az xəbər verir ki, bunu "Sabah" komandasının baş məşqçisi Elşad Əhmədov Türkiyənin Antalya bölgəsində Qazaxıstan "Tobol"u ilə 2:2 hesablı heç-heçə etdikləri yoxlama matçı barədə danışarkən deyib.
49 yaşlı mütəxəssis bildirib ki, rəhbərlik etdiyi kollektiv verilmiş tapşırığın 75-80 faizini yerinə yetirib: "Birinci hissənin ilk 10-15 dəqiqəsindən sonra futbolçularım oyunu tam ələ aldılar. Qısa və orta ötürmələr hesabına hücumlar qururduq. Düzdür, boşluqlarımız da var idi. Ancaq nəzərə alsaq ki, fiziki hazırlıq məşqlərindən sonra ikinci oyunumuzu keçirirdik, komandanın ilk hissədəki çıxışından razı qalmaq olar. Havanın küləkli olması oyuna təsir edirdi. Məncə, külək olmasaydı, daha baxımlı futbol izləyərdik. Güclü külək bir çox epizodda ötürmələrin ünvana çatmasına mane olurdu. İkinci hissənin ilk 10-15 dəqiqəsi yenə bizim üstünlüyümüz şəraitində keçdi. Komanda yaxşı top saxlayırdı".
Əhmədov 2:0 hesabı ilə oyunda olduqları vaxt əvəzetmələrin oyuna təsirini göstərdiyini etiraf edib: "Bu, yoxlama oyunudur. Belə matçlarda dəyişikliklər mütləqdir. Əvəzetmələr komandanın oyununa, nəticəyə təsir etdi ki, bu da, başadüşüləndir. Biz bura təlim-məşq toplanışına gəlmişik. Yoxlama oyunlarında hər bir futbolçuya şans verəcəyik ki, hamı özünü göstərmək imkanı əldə etsin”.
Qeyd edək ki, "Sabah" ilk yoxlama oyununda Türkiyə "Eskişehirspor"unu yenib - 1:0.