"Düzünü desəm, Azərbaycana sadəcə, özüm və ailəm üçün pul qazanmağa getmişdim. Həyat yoldaşımla danışdım və dedim ki, hazır olsun, xaricdə oynayacağam. Məhz həmin vaxt mənə "alkoqol" imici mane olurdu və Ukrayna Premyer Liqasında heç kimə lazım deyildim".
Sportnet.az-ın məlumatına görə, bunu vaxtilə Azərbaycanda "Simurq" və "Standard" komandalarında çıxış etmiş Vladimir Mazyar "Poltavşina Sport"a müsahibəsində deyib. Ukraynalı hücumçu Zaqatala komandasına baş məşqçi Roman Pokoranın dəvəti ilə getdiyini söyləyib: "Baş məşqçi Roman Pokora mənə zəng vurdu və "Simurq"a dəvət etdi. Sadəcə, oynamağa və indiki bütün futbolçular kimi pul qazanmağa başladım (gülür)".
Mazyar futbolçu karyerasını "Standard" komandasında bitirdiyini xatırladıb: "Xatırlayıram, Bakıda "Standard" komandasında çıxış edirdim. Biz uduzsaq da, vecimə deyildi. Ümumiyyətlə, heç bir emosiya hiss etmirdim. Elə həmin vaxt anladım ki, bəsdir, kifayətdir. Hərçənd, Ukrayna komandalarından təkliflərim var idi. Universitetdə oxumağa getdi və məşqçilik barədə heç düşünmədim".
Hazırda məşqçi kimi çalışan sabiq forvard futbolçu karyerası ərzində bir çox şirnikdirici işlərlə məşğul olduğunu da açıqlayıb: "Məsələn, yalandan zədəli olduğumu deyir və Yaltaya istirahətə yollanırdım. Amma məni futbolçu kimi heç yerdə içkili tutub şəklimi çəkməyiblər. Futbolçu eyni vaxtda içib oynaya bilməz. Deməzdim ki, çox içirdim, amma içib rejimi pozurdum".
Qeyd edək ki, Vladimir Mazyar "Simurq"da 2007 - 2009-cu illərdə çıxış edib. O, 2008-2009 mövsümündə bürünc medal qazanıb və klub tarixində ən yaxşı bombardir olub. Mazyar "Standard"da isə 2009-2010 mövsümündə çıxış edib. Artıq hər iki klub fəaliyyətini dayandırıb.+