"Bu, maraqlı, derbiyə yaraşan oyun oldu. Görüşü özüm də izləyirdim. Məncə, "Qarabağ" "Neftçi"ni 60/40 nisbətində üstələdi. Amma "Neftçi" də yaxşı təsir bağışladı. Qarşılıqlı mübarizə şəraitində oyun getdi".
Sportnet.az-ın məlumatına görə, bunu "Səbail" klubunun futbolçusu Elvin Yunuszadə keçmiş komandaları "Qarabağ" və "Neftçi" arasında keçirilmiş Azərbaycan Premyer Liqasının XV tur matçı barədə danışarkən deyib. 27 yaşlı müdafiəçi oyunun idarəçiliyi barədə danışmaq istəməyib: "Hakimliklə bağlı heç vaxt fikir səsləndirməmişəm. Mübahisəli epizodlara bir dəfə baxmaqla dəqiq söz demək düzgün deyil. Çünki mən o epizodları uzaqdan görürdüm. Təkrara baxsam, şəxsi fikrimi deyə bilərəm. Özü də gərək dəfələrlə baxasan. Bu məsələyə dair fikir bildirməyi Hakimlər Komitəsinin öhdəsinə buraxaq. Bu komitə epizodlara baxır və lazım gəlsə, hakimləri də cəzalandırır".
Yunuszadə həm "Neftçi", həm də "Qarabağ"ın çempionluq şanslarını bərabər qiymətləndirib: "Hələ qarşıda 13 tur var. Bunu indidən bilmək olmaz ki, "Neftçi" və "Qarabağ"ın mövsümün ikinci yarısına nə dərəcəcə hazırlıqlıdır. Bunu çempionatın gedişi tədricən göstərəcək. Yəni, şanslar 50/50-dir. Çempionun kim olacağını demək çətindir. Qarşıdakı turlarda hansı komanda xal itirsə, çempionluq şansı çətinləşəcək".
Qeyd edək ki, 15 turdan sonra "Neftçi" 34 xalla 1-ci, "Qarabağ" 31 xalla 2-ci pillədə qərarlaşıb. Ağdam və paytaxt təmsilçiləri arasında fevralın 3-də Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş görüşdə qalib müəyyənləşməyib - 1:1.