İngiltərənin “Mançester Yunayted” komandası tarixində ilk dəfə evdə keçirdiyi Çempionlar Liqası oyununda (ÇL) birdən çox top fərqi ilə uduzub.
Sportnet.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, “qırmızı şeytanlar” 1/8 final mərhələsinin ilk matçında Fransanın PSJ kollektivinə 0:2 hesabı ilə yenilməklə antirekorda imza atıblar.
“Old Trafford”da baş tutan görüşdə bir sıra yeniliklər də qeydə alınıb. Ule Qunnar Sulşer ilk dəfə “Mançester Yunayted”in sükanı arxasında məğlubiyyətlə üzləşib. Norveçli mütəxəssis dekabrda müvəqqəti baş məşqçi təyin ediləndən bəri komanda 10 qələbə qazanıb, 1 görüşdə heç-heçə ilə üzləşib. Fransızlarla oyunadək “Mançester Yunayted” ardıcıl 17 oyunda qol vura bilib.
Bu oyuna qədər PSJ İngiltərədə keçirdiyi 10 görüşdən yalnız 1-də qalib gəlib. Paris təmsilçisinin forvardı Kilian Mbappe İngiltərədə çıxdığı 4-cü qarşılaşmada 3-cü qolunu vurub.
Qonaqların qapıçısı Canluici Buffon ÇL-də 50-ci “quru oyun”unu keçirib. İtaliyalı qolkiper bu göstəricidə ispaniyalı İker Kasilyas (57) və hollandiyalı Edvin van der Sardan (51) geri qalır. Sonuncu karyerasını başa vurub.
Qeyd edək ki, bu komandalar arasında cavab oyunu martın 6-da keçiriləcək.