
“Mən deməmişəm ki, heyəti rəhbərlik müəyyənləşdirir. Heç buna bənzər ifadə də işlətməmişəm. Bu, jurnalistin təxəyyülünün məhsuludur”.
Sportnet.az xəbər verir ki, bu fikirləri qış fasiləsində “Keşlə”dən ayrılan Bahodir Nasimov deyib.
Ötən gün Özbəkistan mətbuatında müsahibəsi dərc olunan forvardın “Keşlə”nin heyətini klub rəhbərliyinin müəyyənləşdirməsi qeyd olunub. Bahodir isə müsahibədə belə söz demədiyini iddia edir. Bəs ümumiyyətlə, o müsahibə veribmi? Veribsə nə deyib ki, özbək jurnalistlər bunu öz interpretasiyasında təqdim ediblər? “Heyətə düşmədiyimi demişəm. Mənə az şans tanındığını qeyd etmişəm. Rəhbərliyə dair isə məğlub olduqda komandaya təpki göstərdiyini, futbolçuları tənqid etdiyini bildirmişəm. Bu da təbiidir. Kim məğlub olmaq istəyər ki?” - deyə Nasimov vurğulayıb.
Əlaqə saxlamışkən, Bahodirdən “Keşlə”dən getməsinin səbəbini də soruşduq, klubdan necə ayrılmasını da: “Heç bir futbolçu ehtiyatda qalmaqdan məmnun ola bilməz. Mən də istisna deyiləm. Bu üzdən də klub rəhbərliyinin müqaviləyə qarşılıqlı formada xitam vermək təklifini müsbət cavablandırdım. Necə ayrıldıq? Kişi kimi əl sıxdıq. Müəyyən kompensasiya ödədilər. Futbolçu həyatı belədi, bəzən karyeran hansısa klubda əla alınır, müəyyən hallar da olur ki, heyətə, mühitə uyğunlaşa bilmirsən”. (Sport24.az)