Azərbaycanda gender bərabərliyinin dəstəklənməsi və 8 mart Beynəlxalq Qadınlar Günü ilə bağlı yoldaşlıq oyunu keçirilib.
Sportnet.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, görüşdə Birləşmiş Millətlər Təşkilatının rəsmiləri, Azərbaycanda akkreditə olunmuş bir sıra diplomatik missiyaların nümayəndələri və qızlardan ibarət milli komandanın (U-17 və U-19) futbolçuları iştirak ediblər.
Tədbir Birləşmiş Millətlər Təşkilatı (BMT), Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və Missiya Rəhbərləri Xanımlarının Təşkilatı (HOMS) ilə birgə təşkil olunub.
“Gendər bərabərliyi və qızların səlahiyyətləndirilməsini təşviq etmək üçün Azərbaycanın ulduz futbolçuları ilə birlikdə oynamaq çox maraqlı idi”, - deyə BMT-nin rezident əlaqələndiricisi Qulam İshaqzai bildirib. O, AFFA-ya, diplomatik missiya nümayəndələrinə, HОMS-a və BMT əməkdaşlarına iştirak və dəstəklərinə görə təşəkkür edib.
AFFA-nın Kütləvi futbol departamentinin rəhbəri Cahangir Həsənzadə BMT-nin Azərbaycandaki nümayəndəliyinə qadın futbolu və gender bərabərliyinə verdiyi davamlı dəstəyə görə minnətdarlığını bildirib. О, bu sahədə görülən işlərə görə BMT-nin Azərbaycandaki rezident əlaqələndiricisinə mükafat və təşəkkürnamə təqdim edib.