
Rusiya milli komandasının sabiq futbolçusu Andrey Arşavin "Zenit" akademiyasının məşqçilər heyətinə daxil olub.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, keçmiş hücumçu 2004-cü il təvəllüdlülərdən ibarət komandaya rəhbərlik edəcək. Oyunçu karyerasını başa vurduqdan sonra Arşavin ixtisasartırma kursu keçərək, D və C lisenziyaları alıb. O, Dmitri Polyakovla birgə çalışacaq.
Akademiya komandası bu il futbol məktəbləri arasında Rusiya birinciliyinə, Sankt-Peterburq birinciliyi və kubokuna, habelə, Yuri Morozovun xatirə turnirinə qatılacaq. Məşqçi dueti üçün ən yaxın yarış isə 9 - 19 apreldə Krımskda Rusiya birinciliyi olacaq. Rəqiblər "Çertanovo", "OİK-Xabarovsk" və "Tümen" olacaq.
Qeyd edək ki, Andrey Arşavin Avropa Liqasının finalına həsr olunmuş "Bakı-2019: Ulduzlar finalı"nda iştirak etmək üçün martın əvvəllərində Azərbaycan paytaxtında olub.