
“Matça çox yaxşı hazırlaşırıq. Çempionluğa oynayan komanda kimi məqsədimiz yalnız qələbə qazanmaqdır”.
Sportnet.az xəbər verir ki, bunu “Report”a “Neftçi”nin futbolçusu Mirabdulla Abbasov evdə “Zirə”yə qarşı keçirəcəkləri Azərbaycan Premyer Liqasının XXIII tur oyunu haqqında danışarkən deyib.
O bildirib ki, rəqib komandada çıxış edən qardaşı Mirsahib Abbasovla artıq bir neçə dəfə üz-üzə gəlib: "Mirsahiblə bir-birimizi meydanda rəqib olaraq görürük. Hərəmiz öz komandamız üçün əlimizdən gələni edirik".
24 yaşlı hücumçu son zamanlar əsas heyətdə yer almamasından da danışıb. Forvard bunu baş məşqçi Roberto Bordinin seçimi ilə əlaqələndirib: “Komandamıza çox inanıram. “Zirə”yə qalib gəlmək üçün kifayət qədər gücümüzün olduğunu düşünürəm. Son oyunlarda əsas heyətdə yer almamağım baş məşqçinin seçimidir. Bu qərara hörmətlə yanaşıram və mənə verilən şanslardan istifadə etmək üçün əlimdən gələni edirəm”.
Mirabdulla Abbasov “Neftçi”nin hücumçularının son 3 turda qol vura bilməmələrini belə izah edib: “Bu, futboldur, belə şeylər olur. İnanıram ki, qısa müddətdə bu susqunluğa son qoyulacaq. Fikrimcə, bunu Dario Frederikonun qış fasiləsində komandadan getməsi ilə bağlamaq düzgün deyil. Əlbəttə, o, komanda üçün faydalı futbolçu idi. Amma hazırda Darionun mövqeyində çıxış edən oyunçularımızın ondan geri qaldıqlarını düşünmürəm”.
22 turdan sonra “Neftçi” və “Qarabağ” 48 xalla şərikli liderdirlər. Gənc forvard çempionluq baxımından şansların 50/50-yə olduğunu bildirib: “Maraqlı mübarizədir. “Neftçi” ailəsinin çoxdandır gözlədiyi çempionluğu yenidən yaşaması üçün əlimizdən gələni ortaya qoyacağıq".
Premyer Liqada bombardirlik yarışında da “Neftçi” və “Qarabağ”ın futbolçuları zirvəni bölüşürlər. Müvafiq olaraq, Baqali Dabo ilə Mahir Mədətov hərəyə 9 qol vurublar. Mirabdulla Abbasovun fikrincə, digər futbolçuların da bombardir olmaq şansları var. Çünki Ceyms Adeniyi (“Qəbələ”) 8, Marko Deviç (“Sabah”), Emin Mahmudov (“Neftçi”) və Filip Ozobiç (“Qarabağ”) 7 qol vurub.
Qeyd edək ki, cari çempionatda Mirabdulla Abbasovun hesabında 6 qol var. Aprelin 6-da “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Zirə” oyunu saat 18:00-da başlayacaq.