UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə start verilib.
Sportnet.az-ın məlumatına görə, ilk oyun günündə hər iki qarşılaşma İngiltərədə təşkil olunub. Üz-üzə gələn komandalardan 3-ü məhz bu ölkənin təmsilçiləri olub. Londondakı yeni və eyniadlı arenasında "Tottenhem" "Mançester Siti"ni qəbul edib.
13-cü dəqiqədə VAR sisteminə müraciətdən sonra təyin olunmuş penaltini qonaq komandanın futbolçusu Serxio Aqüero dəqiq yerinə yetirə bilməyib. Əvəzində 78-ci dəqiqədə meydan sahiblərinin cənubi koreyalı legioneri Son Hın Min fərdi ustalığı sayəsində dəqiq zərbə endirib. Bu qol sayəsində "Tottenhem" minimal hesablı qələbə qazanıb.
Gecənin digər qarşılaşmasında Premyer Liqanın lideri "Liverpul" Portuqaliya "Portu"sunu qəbul edib. Matçın taleyi elə ilk yarıda həll olunub. Nəbi Keyta 5-ci, Roberto Firmino isə 26-cı dəqiqədə fərqlənərək, meydan sahiblərinə inamlı qələbə qazandırıb.
1/4 final mərhələsinin daha iki ilk oyunu bu gün keçiriləcək. Hollandiyada "Ayaks" İtaliya "Yuventus"unu, İspaniyada isə "Barselona" İngiltərə "Mançester Yunayted"ini qəbul edəcək. Cavab görüşləri 16-17 apreldə olacaq.
----------------------------
Bu gün UEFA Çempionlar Liqasında (ÇL) 1/4 final mərhələsinə start veriləcək.
Sportnet.az xəbər verir ki, ilk iki oyun İngiltərədə keçiriləcək. Premyer Liqada rəqabət aparan “Tottenhem” və “Mançester Siti” komandaları tarixlərində ilk dəfə avrokubokda üz-üzə gələcəklər. Hər iki kollektiv 1/8 finalda Almaniya təmsilçisini mübarizədən kənarlaşdırıb. Londonlular Dortmund “Borussiya”sından (3:0, 1:0), “şəhərlilər” isə “Şalke”dən (3:2, 7:0) güclü olublar.
Komandaların heç birinin heyətində cəzalı futbolçu olmasa da, zədəlilər var. Erik Dayer və Erik Lamela bu üzdən meydana çıxa bilməyəcək. Serj Orye ilə Fernando Lyorentenin durumu isə sual altındadır.
“Mançester Siti”də Klaudio Bravo və Aleksandr Zinçenko zədədən əziyyət çəkir. Fabian Delf, Kayl Uoker və Kun Aqueronun isə oynayıb-oynamayacaqları bilinmir.
“Liverpul” və Portuqaliya “Portu”su ardıcıl ikinci mövsüm ÇL-də qarşılaşacaqlar. "Qırmızılar" ötən mövsüm 1/8 final mərhələsində rəqibini səfərdə Sadio Manenin het-triki və Məhəmməd Salahla Roberto Firminonun qolları sayəsində 5:0 hesabı ilə məğlub edib. “Enfild”dəki görüşdə isə hesab açılmayıb.
“Liverpul” 1/8 finalda Almaniya təmsilçisi “Bavariya”nı mübarizədən kənarlaşdırıb (0:0, 3:1). “Portu” isə İtaliya “Roma”sını keçib (1:2, 3:1).
Meydan sahiblərinin heyətində Endryu Robertson cəzalı, Co Qomes və Aleks Oksleyd-Çemberlen zədəlidir. Adam Lallananın durumu sual altındadır. “Portu”da isə Ektor Errera ilə Pepe cəzalıdır. Aleks Telles isə zədə üzündən meydana çıxmaya bilər.
Çempionlar Liqası
1/4 final, ilk oyunlar
23:00. “Tottenhem” (İngiltərə) – “Mançester Siti” (İngiltərə) - 1:0
Qol: Son Hın Min, 78
Dəqiq yerinə yetirilməyən penalti: Serxio Aqüero, 13 ("Mançester Siti")
Baş hakim: Byorn Keypers (Hollandiya)
London. “Tottenhem” stadionu
23:00. “Liverpul” (İngiltərə) – “Portu” (Portuqaliya) - 2:0
Qollar: Nəbi Keyta, 5. Roberto Firmino, 26
Baş hakim: Antonio Mateu Laos (İspaniya)
Liverpul. “Enfild” stadionu.