
Almaniya Futbol İttifaqı (DFB) "Ştutqart"ın futbolçusu Santyaqo Askasibarı mövsümün sonuna kimi cəzalandırıb.
Sportnet.az-ın məlumatına görə, buna səbəb 22 yaşlı yarımmüdafiəçinin Bundesliqanın XXIX turunda evdə "Bayer" (Leverkuzen) komandası ilə matçın 90-cı dəqiqəsində rəqib futbolçu Kay Xavertsin üzünə tüpürməsidir. Askasibar bu hadisədən sonra birbaşa qırmızı vərəqə ilə cazalandırılaraq meydandan qovulub.
Bildirilib ki, DFB gənc yarımmüdafiəçini mayın 25-dək diskvalifikasiya edib. Bundesliqada isə sonuncu - XXXIV turun oyunları mayın 18-də keçiriləcək. Bu səbəbdən o, cari mövsüm komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, Santyaqo Askasibar cari mövsüm Bundesliqada 27 oyunda meydanda olub. Mövsümün başa çatmasına 5 tur qalmış komanda 21 xalla 16-cı pillədə qərarlaşıb.