
"Pis oyun alınmadı. Bu gün daha az səhv etdik və əvvəlki oyunlara nisbətən daha hazırlıqlı idik".
Sportnet.az-ın məlumatına görə, bunu Avstriyada təlim-məşq toplanışını davam etdirən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Rusiya "Ufa"sını 2:1 hesabı ilə məğlub etdikləri yoxlama oyunundan sonra klubun rəsmi saytına açıqlamasında deyib.
47 yaşlı mütəxəssis qələbəyə rəğmən, çoxlu çatışmazlıqlarının olduğunu bildirib: "Əlbəttə, çatışmazlıqlarımız çoxdur, hələ tam istədiyimiz səviyyəyə çatmamışıq. Futbolçular çox məsuliyyətlə hazırlaşırlar. Qarşıdakı son yoxlama oyununa da ciddi hazırlaşacağıq".