"Qəbələ" klubunun prezidenti Fariz Nəcəfov Gürcüstan "Dinamo"su ilə UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunu ərəfəsində Sportnet.az-ın Tbilisiyə ezam olunmuş əməkdaşının suallarını cavablandırıb...
- Evdəki ilk oyunda 0:2 hesablı məğlubiyyət şansları azaldır, ruh düşkünlüyü yaradır. Üstəlik, "Qəbələ"də böyük dəyişikliklər baş verib. Ancaq siz nikbin görünürsünüz. Bu daxili inamı haradan alırsınız?
- İnam, şans həmişə var. Hamımız başa düşürük ki, evdə 0:2 hesabı ilə uduzan komandanın səfərdə işi çətin olacaq. Ancaq futbolçularla görüşüb danışanda, məqsədin bir olduğu qeyd olundu - nəyə gücümüz çatırsa, ondan artığını eləməliyk. Maksimum gücümüzü meydanda qoymalıyıq. Gənc futbolçularımız var ki, ilk oyunda həyəcanlı olmaları hiss olunurdu. Yəqin ki, siz də bunu hiss etmişdiniz.
- Bəli, hətta aralarında "Qəbələ"də ilk rəsmi matça çıxanlar, avrokuboklarda debüt edənlər vardı...
- Bu haqda danışmışam, baş məşqçimizə də demişdim. O da bununla bağlı gənc futbolçularla söhbət aparıb. Həmin şeyi indi onlara vurğuladım ki, çıxıb axıradək döyüşmək, futbolumuzu göstərmək lazımdır. Nə cür olacağını sonda biləcəyik.
- İlk qarşılaşmadakı məğlubiyyətin səbəbləri hansılardır?
- Çatışmayan məqamlar, səhvlər həddindən artıqdır. Məşqçilər bunu analiz ediblər. Yeni komandadır, oyun baxımından anlaşma yox idi. Keçənilki heyətdən 1-2 futbolçu var. Sözsüz ki, belə nəticənin olması gözlənilən idi, normaldır. Yenə də futbolçularımıza inanıram. Yeni legionerlərimiz az da olsa, özlərini göstərə bildilər. Şəxsən mən onlarda nəsə görə bildim. Zamanla komanda daha yaxşı olacaq, buna inanıram. Akademiyamızdan olan futbolçuların perspektivinə inanıram. Çox heyf ki, zamanımız az oldu. Yeni yığılmış komandanın mövsümə məğlubiyyətlə başlaması bizim üçün ağırdır. Keçən il də eyni halı yaşadıq, komandada dəyişikliklər oldu. Bundan əvvəl yadınızdadırsa, qrupa düşdüyümüz vaxtlarda da hər dəfə heyətdə dəyişikliklər olurdu. Bu, alın yazımızdır.
- Hələ Dorinel Muntyanunun yeni gəlişində - "Qəbələ" avrokuboklarda debüt edəndə belə köklü dəyişikliklər və Qəbələdə 0:2 hesablı məğlubiyyət oldu. Ötən yay Sənan Qurbanov baş məşqçi postuna gəldi və yenə eyni proses və Qəbələdə 0:2 hesablı məğlubiyyət. Bu dəfə də həmin uğursuz nəticədən qaça bilmədiniz...
- Əslində, Roman Qriqorçukun baş məşqçiliyi - ardıcıl iki mövsüm Avropa Liqasında qrupa düşdüyümüz dövrdə də komandada 5-6 futbolçu dəyişikliyi olurdu. Demək olar, yeni yığılmış heyətlə Avropa Liqasına qatılır, ancaq qrupa düşürdük. Sadəcə, həmin vaxt futbolçuların keyfiyyət məəsləsi vardı. Həm də tam heyət dəyişmirdi. Amma bugünkü heyət tam fərqlidir. Ümumiyyətlə, hazırkı vəziyyət əvvəlkilərdən tam fərqlidir. Bundan başqa bəhanə axtarmağa yer yoxdur. Kimdəsə hansısa səhv axtarmaq olmur. Sırf komandanın təzə yığılması, gənc futbolçuların olması əsas səbəbdir. Lakin qol epizodlarımız da oldu. Bunu da yenə tələskənliyə, təcrübəsizliyə bağlayıram.
- Belə matçda gürcü legionerləriniz daha yaxşı oynamalıdır. Həm onlar üçün prinsipial görüşdür, həm də həmyerlilərinizin oyun planında incəliklərini daha yaxşı biliklər. Ancaq Davit Volkov Qəbələdəki qarşılaşmada daha tez əvəzlənməsinə nümayişkarcasına etiraz etməsi ilə yadda qaldı. Siz onun xarakterini yaxşı bilən şəxs kimi hərəkətini necə qarşıladınız?
- Belə şeylər həmişə olur. Bilirsiniz, dünya futbolunda məşhur komandalarda da bu hallar yaşanır. Futbolçular adətən bu hərəkəti edirlər. Burada ciddi bir şey yoxdur. Axı, futbolçu qıraqdan özünü görmür, meydançada özünü tam görə bilmir.
- Görünən bu idi ki, Volkovun oyunu alınmırdı və əvəzlənməsinə ehtiyac vardı...
- Baş məşqçimiz də oyundan sonra Volkovun zədədən yeni döndüyünü demişdi. Səhv etmirəmsə, yoxlama matçlarının birində iştirak etmişdi. Çatdırmırdı, bu, açıq-aşkar görünürdü. Bunun üçün hətta peşəkar olmaq da lazım deyildi... Hücuma qoşulandan sonra müdafiəyə qayıda bilmir, lazım olan mövqeyə çatmırdı. Əvəzlənərkən etdiyi hərəkət normaldır, xüsusi qabardılası bir şey yoxdur. Merab Giqauriyə gəlincə, yeni tanıyıram. Xarakterini hələ tam bilmirəm. Futbolçuların, məşqçilərin dediyinə görə, tam istədiyimiz xarakterə malik futbolçudur. Volkovda isə heç bir problem görmürəm.
- Bu mövsüm Gürcüstan təmsilçisi "Saburtalo" Çempionlar Liqasında "Şerif"i Moldovada 3:0 hesabı ilə məğlub etsə də, Tbilisidəki cavab matçının ilk 11 dəqiqəsində 3 qol buraxmaqla özlərinə böyük problem yaratdılar. "Dinamo"dan da belə "boşalma" gözləyirsiniz? Sizcə, erkən qol vursanız, oyun tam başqa məcraya dəyişə bilərmi?
- İnanmıram ki, "Dinamo"da belə bir arxayınlaşma olsun. Ancaq nəticənin xeyrimizə ola biləcəyimə inanıram. "Dinamo" zəif komanda deyil. Bilirik ki, çox güclü hazırlaşıblar. Öz oyunumuzu sərgiləməliyik. Özümüzə daha çox inanmalı, erkən qol vurmalıyıq. Yəqin ki, baş məşqçimiz bu haqda futbolçularla danışıb.
- Növbəti mərhələdəki rəqib artıq bilinir. Bu, Hollandiyanın "Feyenoord" klubudur. Bu rəqibi keçmək çox çətin məsələdir. Futbolçularınızda indi belə bir fikir yaranmır ki, onsuz da "Dinamo"nu keçəsk də, növbəti mərhələdə dayanacağıq?
- Yox, buna inanmıram. Elə bir şey ola bilməz ki, indidən istirahət haqda düşünsünlər. Futbolçular üçün Feyenoord" kimi komanda ilə oynamaq böyük bir motivasiya olmalıdır. Bir də ki, futbolçular hər uğurlu oyuna, keçdikləri mərhələyə görə mükafat alırlar (gülür).
- Son zamanlar Azərbaycan və Gürcüstan arasında gərginlik yaşandı. Keşikcidağla bağlı insident oldu. Bəzi gürcü azarkeşlər Azərbaycan komandaları ilə avrokubok oyunlarında da bir neçə dəfə təxribata əl atıblar. Belə halların yenidən yaşanması gözlənilir. Bunun qarşısını almaq üçün hər hansı tədbir görülürmü?
- Tək Gürcüstan məsələsində yox, ümumiyyətlə, siyasətin, siyasi məsələlərin, təxribatların idmana, idman arenalarına daşınmasının tam əleyhinəyəm. Bu, bəlkə şablon bir sözdür, amma içimdən gələni deyirəm. Mənə elə gəlir ki, idmançı idmanı, futbolçu futbolu ilə məşğul olmalıdır. Onu deyə bilərəm ki, biz millət, dövlət olaraq gürcülərlə, Gürcüstanla elə geosiyasi vəziyyətdəyik ki, tarixən qonşu olmuşuq və bundan sonra da qiyamətə kimi qonşu olacağıq. Üçüncü tərəfin bu mehribançılığımızı, yaşayışımızı pozacaq təxribatlarına yol verilməməlidir. Həm "Qəbələ", həm də "Dinamo" azarkeşlərini idman prinsipləri çərçivəsində azarkeşlik etməyə, tam futbol ab-havasında olmağa çağırıram.
- Yəni, futboldan kənara çıxmayaq...
- Əlbəttə. Biz idmançıyıq, idman, futbol ictimaiyyətiyik. Bundan qırağa çıxmamalıyıq. Dövlət sərhədin delimitasiyasını aparır, orada hər iki tərəfdən komissiya işləyir. Məsələ də hüquqi müstəvidə həll olunacaq. Bizim buna qarışmağımız düzgün deyil.
- Matçda səfirliyimizin nümayəndələrinin iştirakı gözlənilir?
- Çox güman ki, gələcəklər. Bilirsiniz, Gürcüstanın Azərbaycandakı səfri Qəbələdəki oyuna gəlmişdi.
- "Qəbələ" azarkeşləri Tbilisiyə gəlmələri üçün klubunuza müraciət ediblər?
- Azarkeşlər var ki, matça gəlib komandamızı dəstəkləmək istəyirlər, bizdən bilet xahiş edirlər. Onlar üçün sektor da ayrılıb. Amma deyəsən, "Qəbələ" fan-klubları iştirak etməyəcək.