Azərbaycan millisinin və “Qarabağ”ın futbolçusu Mahir Emreli ilə maraqlanan daha bir İspaniya klubunun adı məlum olub.
Sportnet.az “Gol Digital”a istinadən verdiyi məlumata görə, bu ölkənin səviyyəcə ikinci liqasında çıxış edən “Estremadura” və “Malaqa” klubları ilə yanaşı, “Almeriya” da 22 yaşlı hücumçunu transfer etmək istəyir.
Bildirilir ki, Emrelinin İspaniyaya yollanması “Qarabağ”ın Çempionlar Liqasındakı çıxışından asılıdır. Bu transfer Ağdam təmsilçisi qitənin ən nüfuzlu klub turnirində mübarizəni dayandıracağı halda reallaşacaq. “Köhlən atlar” III təsnifat mərhələsində Kiprin APOEL komandasını keçə bilməsələr, forvard adı çəkilən 3 klub arasında seçim edəcək.
Qeyd edək ki, Emreli 2018/2019 mövsümündə Azərbaycan Premyer Liqasında 16 qolla bombardir olub. Onun Ağdam klubu ilə 2020-ci ilin iyulun 30-a kimi müqaviləsi var.