
Avropa Liqasında II təsnifat mərhələsinin Gürcüstan "Dinamo"su ilə cavab matçında zədələnən "Qəbələ"nin futbolçusu İvitsa Juniç əməliyyat olunub.
Bu barədə Sportnet.az-a əyalət təmsilçisinin baş məşqçisi Sənan Qurbanov məlumat verib. 39 yaşlı mütəxəssis bildirib ki, əməliyyat Tbilisidə olub və uğurlu başa çatıb.
Qurbanov deyib ki, müdafiəçinin gözünün altında sınıq aşkarlanıb: "Juniç Tbilisidə qalıb. Həkimlər onun durumu haqqında məlumat verəcək. Futbolçu ən az bir ay yaşıl meydanlardan kənarda qalacaq".
Qeyd edək ki, qarşılaşma "Qəbələ"nin 0:3 hesablı məğlubiyyəti ilə bitib. İvitsa Juniç 37-ci dəqiqədə komanda yoldaşı Rasim Ramaldanovla toqquşub və meydanı xərəkdə tərk edərək ambulansla xəstəxanaya çatdırılıb.