
"Gənc və yeni komandayıq. Təəssüf ki, heyətə cəlb olunan futbolçular optimal formalarından çox uzaq idi. Bu da birbaşa nəticəyə təsir etdi. Təlim-məşq toplanışında da birlikdə məşq edə bilmirdik. Zədəli olanlar və fərdi məşq edənlər oldu".
Sportnet.az xəbər verir ki, bu fikirləri "Report"a açıqlamasında "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov Avropa Liqasının II təsnifat mərhələsində Gürcüstanın "Dinamo" (Tbilisi) komandasına məğlubiyyətləri (0:2, 0:3) barədə danışarkən deyib.
39 yaşlı mütəxəssis bəzi yeni oyunçuların hazırlıq prosesinin sonunda yalnız bir yoxlama görüşündə iştirak etdiklərini vurğulayıb.
O, Tbilisidəki cavab görüşündə zədələnərək meydanı tərk edən İvitsa Juniçin "Qəbələ"də ilk rəsmi oyunlarına çıxdığını diqqətə çatdırıb: "Futbolçuların bir az zamana ehtiyacları var. Rəqibin pik formada olması bu nəticəyə gətirib çıxardı. Onlarda çempionat da davam edir, komplektləşmiş kollektivləri var. Biz isə hələ bu komandanı formalaşdırmaq üzrəyik. Ötən mövsümkü heyətdən "11-lik"də yalnız iki futbolçumuz var idi. Komandamız yenidir, görüləsi işlərimiz isə həddindən artıqdır. Bu nəticəni isə gözləmirdik. Bizim üçün təəccübləndirici məqam hesab oldu. Futbolçulara bacardıqlarından daha artığını etməyi tapşırmışdıq. Təlim-məşq toplanışında gənc oyunçularımız yaxşı təsir bağışlamışdı. Amma rəsmi matç olduğu üçün onlarda həyəcan da oldu. "Dinamo" səddini aşa bilmədik. Bunun üçün məyusuq, amma irəli baxmaq lazımdır".
Qurbanov komandaya yeni cəlb olunan legionerlərin ötən mövsümkü futbolçularla müqayisədə zəif olmalarına da toxunub. Baş məşqçi deyib ki, büdcənin aşağı salınması hamıya bəllidir: "Akademiyamızın futbolçularına şans vermək istəyirik. Sadəcə, xərclənən pullar müqabilində bəzi legionerlər alındı. Onlar bu qiymətlər üçün normal oyunçulardır. Büdcənin aşağı düşməsi futbolçuların keyfiyyətində də öz sözünü deyəcək. Buna görə işimiz daha çoxdur. Məşqçilərin də üzərlərinə daha çox iş düşür. Keyfiyyətli komanda qurmaq, kollektiv şəklində çıxış etmək lazımdır. Xərclədiyimiz pulun müqabilində aldığımız legionerlərə yaxşı da demək olar. Qiymət fərqi öz sözünü deyir. Heyətimizdə keyfiyyətli futbolçu görmək istəyiriksə, pul xərcləməliyik".
Gənc mütəxəssis Azərbaycan Premyer Liqasında yaxşı kollektivlə çıxış etmələri üçün zamanlarının olacağını sözlərinə əlavə edib: "Çempionat uzun marafondur. Hər oyundan sonra səhvlərimiz üzərində işləyəcəyik. Bu zaman bizə imkan verəcək ki, komanda formalaşdıra bilək. Oyunçularımızın potensiallarına isə inanıram. Həm gənc oyunçular, həm də yeni gələn legionerlər zaman keçdikcə artıracaqlar. Buna inamımız böyükdür. Premyer Liqada mübarizə aparacağıq və bacardığımız qədər irəli getməyə çalışacağıq".
Qurbanov "Qəbələ"dəki taleyi ilə bağlı da danışıb. O, son günlər klub rəhbərliyi ilə birlikdə olduqlarını sözlərinə əlavə edib: "Rəhbərlik komandanın yanındadır. Klub prezidenti Fariz Nəcəfovun da kollektivə böyük inamı var. Gənc heyətə malikik. Biz gələcəyə baxırıq. İstefa barədə söhbətimiz olmayıb. Fariz müəllim mənə və komandaya tövsiyyələrini verib, gələcək planlarımız haqqında danışmışıq. "Qəbələ"də işimə davam edəcəyəm".