“Qarabağ”ın Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi Kiprin APOEL komandasının yeni baş məşqçisi bəlli olub.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Nikosiya təmsilçisi Tomas Dolla tapşırılıb. Onunla 2 illik müqavilə bağlanılıb. Almaniyalı mütəxəssis Kiprdə baş tutan ilk matçda “Qarabağ”a 1:2 hesablı məğlubiyyətə görə istefaya göndərilən italiyalı Paolo Trametsani əvəzləyib.
Doll daha öncə vətənində “Hamburq”, “Borussiya” (Dortmund) və “Hannover” komandalarının, eləcə də Türkiyənin “Gənclərbirliyi”, Səudiyyə Ərəbistanının “Əl-Hilal” və Macarıstanın “Ferentsvaroş” kollektivlərinin baş məşqçisi olub.
Qeyd edək ki, “Qarabağ” və APOEL arasında cavab görüşü avqustun 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyun saat 20:30-da başlayacaq.