"Birinci hissə yaxşı alındı. Təhlükəli epizod yarada bildik və iki qol vurduq. Bu bizim ilk rəsmi matçımız idi. İkinci yarıda müdafiəni düşündük. Oyundan əvvəl qarşılaşmanın 2:2 hesabı ilə bitəcəyini desəydilər razılaşardım. Amma 2:0-dan sonra hesab ürəyinimcə olmadı".
Sportnet.az xəbər verir ki, bu fikirləri İsrailin "Bney Yehuda" klubunun baş məşqçisi Yossi Abukasis Avropa Liqasının III təsnifat mərhələsinin ilk duelində "Neftçi" ilə heç-heçə (2:2) etdikləri görüşdən sonra mətbuat konfransında deyib. 49 yaşlı mütəxəssis jurnalistlərin ard-arda verdiyi 3 suala cavab verməyib: "Mən axmaq suallara cavab vermirəm. Sizin komanda ikinci qolu əlavə olunmuş vaxtda vurdu. Sizin üçün heç də pis nəticə sayılmamalıdır. Cavab matçında necə çıxış edəcəyimizlə bağlı qərar verəcəyik. Neftçi" çox güclü komandadır. Biz cavab matçında siyahıya əlavə oyunçu sala bilməyəcəyik. Bunun üçün təəssüflənirik. İsraildəki görüşün necə bitəcəyini zaman göstərəcək.
Qeyd edək ki, cavab matçı bir həftə sonra İsraildə olacaq.