
Azərbaycan Premyer Liqasının 2019/2020 mövsümünün açılış oyununda “Qarabağ”ı qəbul edəcək “Keşlə”nin futbolusu Ruslan Qurbanov “Report”un suallarını cavablandırıb.
Sportnet.az həmin müsabibəni təqdim edir...
- Yay fasiləsində “Səbail”dən ayrılaraq “Keşlə”yə keçidiniz. Yeni komandanıza tam uyğunlaşmısınız?
- Özümü burada çox yaxşı hiss edirəm, əla kollektivimiz var. Klub prezidenti hər zaman komandanı dəstəkləyir. Çox gözəl məşqçilər korpusuna malikik. Hamılıqla yeni mövsümə hazırıq.
- Ötən mövsümü sonuncu pillədə başa vuran komandanız çempiona “Qarabağ”ı qəbul edəcək. Ağdam təmsilçisi açılış oyunu üçün arzuolunmaz rəqibdir...
- “Keşlə” ötən mövsüm axırıncı yeri tutandan sonra komandanın heyəti 80 faiz dəyişib, xeyli transfer olub. Əlbəttə, “Qarabağ”a qarşı çox çətin olacaq. Çempionlar Liqasında (ÇL) mübarizəni dayandırıblar. Avropa Liqasında “Linfild”lə ilk oyun üçün Şimali İrlandiyaya səfər ərəfəsində bizə qalib gəlməyə çalışacaqlar. Ancaq biz də meydana gəzişməyə çıxmayacağıq. Layiqli oyunla qalib gəlmək istəyirik. Müsbət nəticə üçün əlimizdən gələni edəcəyik.
- “Qarabağ” ÇL-in III təsnifat mərhələsinin Kiprdə baş tutan ilk matçında APOEL-i 2:1 hesabı ilə məğlub etsə də, evdə 2 cavabsız qolla uduzaraq, mübarizəni dayandırdı. Siz də Ağdam komandasına sürpriz edə bilərsiniz?
- “Qarabağ” Kiprdə əldə etdiyi üstünlüyü saxlaya bilmədi. İndi elə bir dövrdəyik ki, istənilən rəqibi məğlub etmək olar. Əsas istəkli oynamaqdır. Bəli, “Keşlə” də APOEL kimi “Qarabağ”a sürpriz edə bilər.
- Sabiq komandanız “Neftçi” Avropa Liqasının II təsnifat mərhələsində Rusiya “Arsenal”ını keçəndən sonra “facebook” səhifənizdə maraqlı video paylaşmışdınız. Bu gün “ağ-qaralar”ın İsraildə “Bney Yehuda” ilə cavab görüşündən hansı nəticəni gözləyirsiniz?
- Əlbəttə, “Neftçi” üçün həyəcan keçirəcəyəm və azarkeşlik edəcəyəm. Bakıdakı ilk qarşılaşmada 2:2 hesablı heç-heçə qeydə alınıb. Hələ heç nə itirilməyib, həmin oyunu unutmaq lazımdır. Komandanın hamımızı sevindirəcəyini düşünürəm. Oyuna baxacam. “Neftçi” Azərbaycan futbolunun flaqmanıdır. Rəqib futbolçular Bakıdakı kimi yerdə uzanıb vaxt aparsalar belə, komandamız öz oyununu göstərə bilsə, 2-3 top fərqi ilə qalib gələcək.
- Reallıqları nəzərə alsaq, bu mövsümdə də “Qarabağ” və “Neftçi”nin çempionluq uğrunda mübarizə aparacaqlarını söyləmək olar. Bəs, “Keşlə” neçənci yerə ümid edə bilər?
- “Qarabağ” və “Neftçi” ilə hər şey aydındır. Onların büdcələri digər klublardan çoxdur, heyətlərində xeyli sayda legioner var. Bizə gəlincə, yenə sonuncu olacağımızı düşünmürəm. Avrokuboka düşmək üçün əlimizdən gələni edəcəyik. “Keşlə” 3-4-cü yerlər uğrunda mübarizə aparacaq.