“Doğma meydandakı ilk oyunda 2:2 hesabı ilə heç-heçə etdik və onlara böyük üstünlük verdik. Bugünkü qarşılaşmanın ağır olacağını bilirdik”.
Sportnet.az xəbər verir ki, bu fikirləri “Neftçi”nin futbolçusu Rəhman Hacıyev İsraildə “Bney Yehuda”ya 1:2 hesabı ilə uduzduqları Avropa Liqasının III təsnifat mərhələsinin cavab matçından sonra deyib.
26 yaşlı yarımmüdafiəçi rəqibin əks hücumlarda çox yaxşı olduğunu bildirib: “Hücumlara çox üstünlük verməyi planlaşdırırdıq. Qələbə üçün bizə qol lazım idi. Rəqib isə əks-hücumlardan istifadə etdi və fərqləndi. Bundan sonra işimiz daha da çətinləşdi. Boşluqlarımız çox oldu. Bura kimi gəlmişdik və əziyyət çəkmişdik. Artıq olan oldu. İrəliyə baxmaq və çempionata hazırlaşmaq lazımdır. Onların sürətli oyunçuları var. Bizə qol lazım idi. Bunun üçün hücuma çox üstünlük verdik. Onlar da istifadə etdilər və qollar vurdular”.
Hacıyev komanda yoldaşları kimi məşqçinin tapşırıqlarını yerinə yetirməyə çalışdığını vurğulayıb: “İmkan olduğu qədər istəyirdim ki, uzaqdan zərbə vurum. Amma rəqib buna mane oldu. Buna görə də çətinlik çəkirdim. Zərbə vurmağımıza imkan vermədilər. Onlar yaxşı müdafiə olunur və futbolçuya yetəri qədər yaxın oynayırlar. Biz kənarlardan hücumlar qurmaq istəyirdik. Rəqib mərkəzi çox bağladı, kənarlarda boşluqlar tapmaq mümkün idi. Amma istifadə edə bilmədik”.
Yarımmüdafiəçi II təsnifat mərhələsində məğlub etdikləri Rusiya “Arsenal”ını “Bney Yehuda” ilə müqayisə edib: “Arsenal” bunlardan çox güclü komandadır. Kollektivin oyunu alına və alınmaya bilər. Bu bizim futbolumuz deyil. Bu gün oyunumuz alınmadı. Bundan yaxşı da oynaya bilərdik”.