“Çempionatın ilk oyununda uduzmaq stəməzdik. Yaxşı oynayıb, yaxşı epizodlar yaratdığımızı desəm, bəlkə başa düşülməyəcək. Amma bütövlükdə oyuna nəzarət etdik. Sadəcə, hücumlar kəsərli olmadı, son nöqtəni qoya bilmədik".
Sportnet.az-ın məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan Premyer Liqasının I turunda “Sumqayıt”a 0:2 hesabı ilə uduzduqları ev oyunundan sonra mətbuat konfransında deyib. 39 yaşlı mütəxəssis məşqlərdə üzərində işlədikləri elementləri meydanda gördüyünü söyləyib: "Bu, sevindirici haldır. Futbolçular üzülməməlidirlər. İlk oyundur, irəli baxmaq lazımdır. Oyunçular inkişafı düşünməlidirlər. Onlara təsir edir ki, nəticə oyuna görə olmadı. Çalışacağıq futbolçuları bu durumdan çıxaraq. Qarşıda hələ çox oyunumuz var".
Hücumda son nöqtə probleminin olduğunu deyən Qurbanov fərqlənə bilməmələrindən şikayətlənib: "Təəssüf ki, hər şey edirik, amma qol çatmır. Kristian Kuakunu transfer etmişik. Amma zədələndi. Ülvi İsgəndərov hücumda tək qalıb. Ona inanırıq, gənc hücumçudur. Futbolçular özlərinə inanmalıdırlar. Bütün oyunçular üzərinə düşəni yerinə yetirməlidir. Zədələnən Anar Nəzirov da, cəzalı duruma düşən Asif Məmmədov da bizim üçün böyük itkidir. Çalışacağıq ki, onların yerini dolduraq”.