"Ağır oyun oldu. "Zirə" də yaxşı bir komandadır. Bu komandaya həmişə hörmətlə yanaşmışam. Bu gün bizim futbolçular daha əzmkar idilər və çox diqqətli oynadılar".
Bu fikirləri Sportnet.az açıqlamasında "Keşlə"nin prezidenti Zaur Axundov Premye Liqanın VI turunda "Zirə"ni məğlub etdiləri (2:0) oyundan sonra deyib.
Axundov çempionatın hələ ki, yeni başladığını sözlərinə əlavə edib: "Qarşıda çətin oyunlar olacaq. Uzun marafon var. Komandada oyundan-oyuna yeni gələn oyunçular bir-birilərini daha yaxşı başa düşəcəklər. Düşürəm ki, bununla kifayətlənməməliyik və hər oyuna məsuliyyətli yanaşmalıyıq. Komandada artıq nizam-intizam var. Bunu keçən mövsüm görmürdük".
Futzal Federasiyasının da prezidenti olan Axundov iki işin ona çətinlik yaratmadığını vurğulayıb: "Futzaldakı çempionatları da izləyirəm. Naxçıvanın "Araz" klubu Çempionlar Liqasında oynayacaq. Oktyabrın sonunda millimizin dünya çempionatının seçmə mərhələsindəki oyunları var".
Federasiya rəhbəri qurumdan istefa verəcəyi ilə bağlı yayılan xəbərləri təkzib edib: "Bunlar yalan xəbərlərdir. İşimizi davam etdiririk. Oktyabrın sonu möhtəşəm turnir var. Bunlar hamısı kiminsə uydurmasıdır".