"Biz hər zaman qalib gəlmək istəyirik. Xüsusən, ev oyunlarımızda beynimizdə yalnız 3 xal dolaşır".
Sportnet.az-ın məlumatına görə, bunu APOEL-in futbolçusu Draqan Mixayloviç evdə Larnaka AEK-i ilə qolsuz heç-heçə etdikləri Kipr çempioanatının VIII tur matçından sonra jurnalistlərə açıqlamasında deyib. 28 yaşlı yarımmüdafiəçi "Qarabağ"la Avropa Liqasının IV tur matçına da qələbə üçün çıxacaqlarını vurğulayıb: "Bu görüşdə biz meydanda canımızı qoymalıyıq. Hamıya sübut etməliyik ki, ən yaxşı komandayıq".
İsveçrəli legioner həftə iki oyun keçirməyə hazır olduğunu da diqqətə çatdırıb: "Kiprdə mənim başqa işim yoxdur. Sadəcə, futbol oynayır və bundan zövq alıram. Komanda üçün mümkün olan hər şeyi etməyə çalışıram".
Mixayloviç APOEL-ə qarşı bütün komandaların 10 oyunçu ilə müdafiə olunmalarından şikayətlənib: "Bu halda qol imkanı yaratmaq çətin olur. Öz oyunumuzu yaxşılaşdırmışıq. Belə çıxış etsək, yüksək nəticələrə mütləq nail olacağıq".
Qeyd edək ki, noyabrın 7-də Nikosiyadakı "GSP Arena"da keçiriləcək APOEL - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 21:55-də başlanacaq.