"Premyer Liqaya gəlmək istəyən klublara iş adamlarının sponsorluğu tövsiyə olunur. Klubların çoxu birbaşa AFFA-nın baş sponsoru SOCAR vasitəsi ilə maliyyələşdirilir. Vəsait SOCAR-ın İnkişaf Fondu vasitəsilə köçürülür".
Sportnet.az-ın məlumatına görə, bunu AFFA-nın baş katibi Elxan Məmmədov 105 FM-də yayımlanan "Extra Time" verilişində deyib. O bildirib ki, komanda sayının azlığı və bölgə komandalarının olmaması yerli icra hakimiyyətlərindən və sponsorlardan asılı məsələdir: "Premyer Liqada 10 komanda iştirak etməlidir. Lakin iş adamları, futbola vəsait qoyanlar yoxdursa, nə edə bilərik. 2-3 il qabaq bir klub böyük səs-küylə müraciət etmişdi ki, Premyer Liqada oynaya bilərik. Biz də maliyyə meyarını tələb etdik. Amma təqdim etmədilər. Biz çempionata buraxmadıqda isə mətbuat vasitəsilə səs-küy qaydırdılar. Bundan 3 ay sonra həmin şəxslərə qarşı cinayət işi açıldı. Bu yaxınlarda hökm çıxarılacaq".
E.Məmmədovun fikrincə, həmin vaxt qaydalara loyal, qeyri-peşəkar baxılsaydı, klub çempionata başlayan kimi mübarizəni dayandıracaqdı. Bu baxımdan, baş katib maliyyə meyarında bank zəmanətini vacib sayıb: "Məsələn, "Bakı" klubu məhz bank zəmanəti sayəsində fəaliyyətini davam etdirdi".
Milli assosiasiya rəsmisi bölgə komandalarını maliyyələşdirdiklərini xatırladıb: "Bölgədə peşəkar futbol var, amma I Divizion səviyyəsində. I Diviziondakı bölgə komandalarını AFFA maliyyələşdirir. Amma bütün komandaları maliyyələşdirməyə gücümüz çatmır. Bunun üçün icra hakimiyyətləri, yerli şirkətlər səy göstərməlidirlər".
Qeyd edək ki, Elxan Məmmədov ad çəkməsə də, rəhbərinə cinayət işi qaldırılan klubun "Xəzər" olduğu şübhə doğurmur.