Azərbaycan Premyer Liqasında XIII turun daha bir oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, günün ikinci matçında "Keşlə" "Sumqayıt"ı qəbul edib. "ASCO Arena"dakı qarşılaşma paytaxt təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Hesab 16-cı dəqiqədə açılıb. "Keşlə"nin müdafiəçisi Miyusko Boyoviç topu rəqib qapısından keçirib. Monteneqrolu oyunçu hissənin sonlarında zədələndiyi üçün əvəzlənib. 54-cü dəqiqədə "Keşlə"nin bombardiri Lorenzo Frutos fərqi iki topa çatdırıb. 66-cı dəqiqədə Əmir Ağayev hesab arasındakı fərqi azalda bilib.
Bu nəticədən sonra "Keşlə" xallarını qazanıb və ən azı bir günlük ikinci pilləyə yüksəlib. "Sumqayıt" isə 17 xalla 4-cü pillədə qalıb. Çempionatda 6-cı qoluna imza atan Lorenzo Frutos bombardirlik siyahısında vahid lider olub.
Qeyd edək ki, günün ilk matçında "Qəbələ" "Zirə"ni 3:0 hesabı ilə üstələyib. XIII turun digər qarşılaşması sabah baş tutacaq. "Səbail" "Neftçi"ni qəbul edəcək. Tura dekabrın 2-də keçiriləcək "Sabah" - "Qarabağ" dueli ilə yekun vurulacaq.
---------------------------
Azərbaycan Premyer Liqasında XIII tura start verilib.
Sportnet.az-ın məlumatına görə, açılış oyununda "Qəbələ" və "Zirə" komandaları qarşılaşıb. Qəbələ şəhər stadionunda keçirilmiş matç meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 3:0.
Hesabı 13-cü dəqiqədə Rövlan Muradov açıb. 41-ci dəqiqədə Fernan Lopes fərqi artırıb. Son nöqtəni isə 70-ci dəqiqədə Davit Volkov qoyub. Bununla da "Qəbələ"nin ardıcıl üçüncü matçında darmadağın qeydə alınıb. "Qırmızı-qaralar" iki tur öncə "Səbail"i də evdə eyni hesabla yenmiş, ötən tur isə "Neftçi"yə 1:4 hesabı ilə uduzmuşdu.
"Zirə" üzərində qələbə sayəsində "Qəbələ" xallarını 12-yə çatdıraraq, ən azı bir gün müddətinə sonuncu pillədən qurtulub. Hazırda 12 xala malik əyalət komandası 7-ci pillədə yer alıb. Son pilləyə enən "Səbail" mövqeyini qaytarmaq üçün dekabrın 1-də evdə "Neftçi"yə qalib gəlməlidir.
"Zirə" isə 14 xalla 5-ci pillədə qalıb.
Qeyd edək ki, turun növbəti görüşü "Keşlə" və "Sumqayıt" arasında keçiriləcək. Oyun saat 17:00-da başlanacaq. Dekabrın 2-də təşkil olunacaq turun son qarşılaşmasında isə "Sabah" və "Qarabağ" komandaları üz-üzə gələcək.
-------------------------------
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIII tura start veriləcək.
Sportnet.az-ın məlumatına görə, ilk oyun günündə iki qarşılaşma baş tutacaq. Turun açılış matçı Qəbələdə olacaq. Şəhərin eyniadlı komandası "Zirə"ni qəbul edəcək. Meydan sahibləri 9 xalla sonuncu - 8-ci, paytaxt təmsilçisi isə 15 xalla beşinci pillədə qərarlaşıb. "Qəbələ" son pillədən qurtulmaq, "Zirə" isə daha da yuxarı pillələrə yüksəlmək üçün mübarizə aparacaq.
Günün digər oyunu Bakıda olacaq. "Keşlə" "ASCO Arena"da "Sumqayıt"la qarşılaşacaq. Paytaxt klubu 19 xalla üçüncü, "Sumqayıt" 17 xalla 4-cü sıradadır. "Gənclik şəhəri" təmsilçisi qələbə sayəsində turnir cədvəlində rəqibini keçmək istəyəcək. "Keşlə" isə bir günlük də olsa ikinci pilləyə yüksələ bilər.
Azərbaycan Premyer Liqası
XIII tur
30 noyabr (şənbə)
15:00. “Qəbələ” – “Zirə” - 3:0
Qollar: Rövlan Muradov, 13. Fernan Lopez, 41. Davit Volkov, 70
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Nicat İsmayıllı
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
Qəbələ şəhər stadionu
I dövrə - 1:1.
17:00. “Keşlə” – “Sumqayıt” - 2:1
Qollar: Miyusko Boyoviç, 16. Lorenzo Frutos, 54 - Əmir Ağayev, 66
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Qəzənfər Məmmədov, Fərid Hacıyev
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Elgiz Abbasov
“ASCO Arena”
I dövrə - 0:0
Qeyd edək ki, XIII turun digər qarşılaşması sabah baş tutacaq. "Səbail" "Neftçi"ni qəbul edəcək. Tura dekabrın 2-də keçiriləcək "Sabah" - "Qarabağ" dueli ilə yekun vurulacaq.