
“Bakıya gəlmək mənim üçün xoşdur. Federasiya rəhbərliyinə bizə yaratdığı şəraitə görə təşəkkür edirəm".
Sportnet.az xəbər verir ki, bunu futzal üzrə Özbəkistan millisinin baş məşqçisi Bahodir Ahmedov Bakı İdman Sarayında Azərbaycan yığmasına 3:2 hesabı ilə qalib gəldikləri yoldaşlıq görüşündən sonra deyib. O, hər iki komandanın fərqlənmək üçün kifayət qədər imkanının olduğunu, amma özlərinin şanslardan daha yaxşı istifadə etdiklərini vurğulayıb.
Ahmedovun fikrincə, qələbə qazanmalarında əsas amil müdafiədə düzgün oynamaları ilə bağlıdır: "Bu da futzalda vacib amildir. Təbii ki, bu cür yoldaşlıq oyunlarında hesab ön planda gəlmir. Əsas məqsəd heyətə cəlb edilən yeni futzalçıları yoxlamaqdır. Rəqibimiz də yaxşı təsir bağışladı. Hesab edirəm ki, həm bizim, həm də Azərbaycan millisinin Litvada təşkil olunacaq dünya çempionatının final mərhələsində vəsiqə şansı var”.
Qeyd edək ki, Azərbaycan və Özbəkistan yığmaları yanvarın 22-də də üz-üzə gələcək. Bakı İdman Sarayında keçiriləcək görüş saat 20:00-da başlanacaq.