“Zirə”nin yenidən heyətinə qatdığı futbolçu Yovan Krneta klubun rəsmi saytının suallarını cavablandırıb. Sportnet.az həmin müsahibəni təqdim edir...
- “Zirə”də olmadığınız 1,5 illik müddətdə sosial şəbəkələrdə azarkeşlər sizi yenidən səni komandada görmək istədiklərini bildirirdilər. Bununla bağlı nə deyə bilərsiniz?
- Bunu eşitmək çox xoşdur. 3 il şərəfini qoruduğum “Zirə”nin ilk Premyer Liqa və avrokubok oyunlarında heyətdə olmuşam. Bu komandanın ilkləri mənim üçün də ilklərlə yadda qalıb. 3 ili yüksək dəyərləndirirəm. Fikrimcə, azarkeşlər də bu müddəti yüksək dəyərləndirir. Mənə elə gəlir ki, onlara legioner futbolçular həmişə maraqlı olur. Çünki yerli futbolçuları kifayət qədər yaxşı tanıyırlar, amma bir legioner futbolçunun Azərbaycanda 3 il çıxış etməsi onlarda da maraq doğurur. İnanıram ki, yenidən komandaya kömək edə biləcəyəm. Çox istərdim ki, azarkeşlər oyunlarımıza gəlib bizi dəstəkləsinlər. Bizim onlarınn dəstəyinə ehtiyacımız var. Onların varlığı bizə güc verir və bizi daha mübariz komandaya çevirir.
- Qış toplanışı ilə bağlı fikirləriniz necədir?
- Demək olar ki, toplanışın ilk günlərindən komanda ilə birgəyəm. Hazırlığın ən yaxşı tərəflərindən biri o oldu ki, son iki yoxlama oyununda qələbə qazandıq. Hazırda çempionatın başlamasını səbrsizliklə gözləyirik.
- Əvvəllər də “Zirə”də çıxış etdiyiniz vaxt hazırkı baş məşqçi Zaur Həşimov komandada idi. Onunla işləmək sizə nə dərəcədə rahatdır?
- Zaur müəllimin futbolçulardan nə istədiyini bilirəm. Daha əvvəl də bir yerdə çalışmışıq. Buna görə də onunla işləmək daha asandır. Lakin üzərimdə bir az daha artıq məsuliyyət hiss edirəm. O, məni tanıdığına görə gözləntiləri də fərqlidir. Bu etimadı bacardığım qədər doğrultmağa çalışacağam.
- İlk dəfə “Zirə”də birlikdə oynadığınız futbolçuların əksəriyyəti artıq komandada yoxdur. Yeni kollektivə uyğunlaşma necə gedir?
- Əvvəlki heyətdən Tellur Mütəllimov və İlkin Muradov qalıb. Amma istənilən halda uyğunlaşma asan olmur. Komandada olan həm yerli, həm də legioner futbolçuların hamısı mənim üçün yeni simalardır. Düşünürəm ki, məşqlərdə və oyunlarda özümüzü yaxşı göstərə bilsək, uyğunlaşma prosesi heç də çətin olmayacaq.
- Vaxtilə “Zirə”nin heyətində avrokuboklarda çıxış etmiş futbolçu kimi komandanı yenidən qitə səhnəsində görmək olacaqmı?
- Növbəti oyunlara yaxşı köklənmək lazımdır. Qarşıda 3-4 ay vaxtımız qalıb. Bilirəm ki, Avropa Liqasına gedən yollar həm çempionatdan, həm də kubokdan keçir. Amma təbii ki, çempionata önəm verməklə yanaşı, kubok oyunlarında da özümüzü ən yaxşı tərəfdən göstərməliyik.