
“Bu qarşılaşma ilə təlim-məşq toplanışına yekun vurduq. Bu gün, əvvəlki iki matçdan fərqli olaraq daha az şans qazanan futbolçuları meydana buraxdım. İlk hissənin əvvəllərində hesabı açsaq da, oyunun sonlarına doğru qol buraxdıq".
Sportnet.az-ın məlumatına görə, bunu "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov Türkiyənin Antalya bölgəsində Slovakiyanın “Zemplin” klubu 1:1 hesablı heç-heçə etdikləri son yoxlama oyunundan sonra deyib. 49 yaşlı mütəxəssis bildirib ki, Rusiya "Arsenal”ına 1:2 hesabı ilə uduzduqları ötən yoxlama matçından sonra futbolçularda yorğunluq hiss olunub. Həmçinin Ruslan Qurbanovun zədələnməsi son iki matçda planları pozub. Buna baxmayaraq, Əhmədovun fikrincə, 13 gün ərzində komanda toparlana bilib.
Baş məşqçi qarşıdakı planlardan da danışıb: "Bakıya qayıtdıqdan 2 gün sonra “Qəbələ” ilə oyuna hazırlaşacağıq. Qarşıda bizi çətin marafon gözləyir. Mövsümün sonuna qədər maksimum xal toplayıb, çempionatı istədiyimiz pillədə başa vurmaq niyyətindəyik”.
Qeyd edək ki, "Keşlə" mövsümün ilk yarısını 3-cü pillədə tamamlayıb.