
"Turnirdə ilk matçımızı Slovakiyaya qarşı keçirdik. Oyunçular arasında əlaqəni hiss etmək və bir qədər nəfəs almaq vacib idi. Ancaq nəticəni də unutmaq olmazdı".
Sportnet.az-ın məlumatına görə, bunu Rusiya millisinin futzalçısı Artyom Antoşkin dünya çempionatının elit-raundunun ilk turunda Slovakiyaya 7:1 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.
Həmin matçda dubl edən 27 yaşlı rusiyalı futzalçı bu gün qarşılaşacaqları Azərbaycan millisi barədə də danışıb: "Bu komandanın gücü hər kəsə bəllidir. Ardından meydan sahibləri - Xorvatiyaya qarşı oynayacağıq. Bir sözlə, əldə etdiyimizlə kifayətlənməyəcəyik".
Qeyd edək ki, Rusiya və Azərbaycan milliləri arasındakı görüş Xorvatiyanın Osiyek şəhərində təşkil olunan elit-raundun C qrupunun ikinci turuna təsadüf edəcək. Oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. İlk turda Azərbaycan millisi Xorvatiyaya 0:2 hesabı ilə uduzub.