"İkinci yarıya qalibiyyətlə başlamaq istəyirdik. Çünki çempionatda artıq zəif komanda qalmayıb. Bütün komandalar istənilən rəqibdən xal ala bilir. Biz də bunun önəmini dərk edirik".
Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayev Azərbaycan Premyer Liqasının XV turunda "Səbail" üzərində qazanılan səfər qələbəsi (1:0) haqda danışarkən deyib.
28 yaşlı futbolçu rəqibin 5 müdafiəçi ilə çıxış etməsinin onlara çətinlik yaratdığını söyləyib: "Mövsümün ikinci yarısının daha çətin olacağını bilirik. Hər oyunda hədəfimiz 3 xal qazanmaqdır. Qolun matçın əvvəllərində, yoxsa sonlarında vurmağımızın fərqi yoxdur. Bu gün də 5-li müdafiə futbolu sərgiləyən komandaya qarşı oynadıq. Belə taktikada çıxış edən komandaya qarşı oynamaq çətindir. Qapanırlar, hücum qurmağa çox şans vermirlər. Buna baxmayaraq, lazımi qədər imkanlarımızın olduğunu hesab edirəm. Allaha şükürlər olsun ki, sona yaxın qələbə qolunu vurduq. Çünki bizim üçün çox vacib idi.
- II dövrədəki matçda da "Səbail"in qapısına 80-ci dəqiqədə yol tapmışdınız. Bu rəqibə qarşı belə gec qol vurmaq nə ilə bağlıdır?
- Çempionatımızda bütün komandalar müdafiə olunmağı bacarırlar. Zəif komanda artıq qalmayıb. İstənilən komanda qapansa, liderlərdən xal ala bilər. Bunu yaxşı başa düşürük. Bunlar bizə xüsusi çətinlik yaradan komandalardır. Buna baxmayaraq, məqsədimizə bu gün də nail olduq.
- Almeydanın yoxluğu sanki hiss olunmadı...
- Almeyda bizim üçün önəmli futbolçulardan biri idi. "Qarabağ"ın titullar qazanmasında əməyi olub. Onun gedişinin komandada hansı vəziyyəti yaradacağı, oyunumuzun alınıb-alınmayacağı haqda danışmaq komanda yoldaşlarıma haqsızlıq olar. Bu onun karyerasıdır, seçimini belə edib. Biz də çalışırıq onun yoxluğunu hiss etdirməyək.
- Belə bir deyim var ki, ən yaxşı müdafiə hücumdur. 90 dəqiqə müdafiədən oynayan komandaların çıxışı bu baxımdan nə dərəcədə məntiqlidir?
- Əgər yaxşı müdafiə olunmaq istəyirsənsə, top səndə olmalıdır və hücum etməlisən. Çünki sən hücum etdikcə, rəqibin gücü daha da azalır, irəli çıxa bilmir. Bəzi komandalar topu rəqibə verməklə oyun qurur, bəziləri isə əksinə. "Səbail" bu gün topu bizə verib, daha çox top itkilərindən yararlanmaq istədi. Xüsusən də, top saxlamaqda, ikinci toplarda daha yaxşı oynadıq. Bununla əks-hücuma çıxmalarının qarşısını aldıq. Bu da daha çox bizim işimizə yaradı.
- Ancaq Azərbaycanda hər kəs düşünür ki, "Qarabağ"a qarşı açıq futbol oynamaq ağılsızlıq olar. Bəlkə rəqiblər bundan çəkinirlər?
- Görünür, cinahlardakı oyunçularımız daha yüksək keyfiyyətlərə malik olduğundan belə düşünürlər. Ancaq istənilən halda açıq futbol həm oyunu gözlləşdirir, həm də daha çox qol imkanları yaradır.
- "Neftçi" ilə qarşıdakı oyun haqda nə düşünürsünüz?
- Düzü, hələ heç nə fikirləşmirəm. Evə gedib istirahət edəcəyəm. Qarşıda hələ 6 günümüz var. Bu müddətdə düzgün şəkildə fikirləşəcəyik.
- "Neftçi" ilə xal fərqiniz çox olduğu üçün həmin matçı hələ fikirləşmirsiniz?
- Xeyr. Eyforiyaya qapılıb hansısa fikir söyləmək istəmirəm. Bizim işimiz çalışmaq, qələbə qazanmaqdır. Təxribatdan uzağıq, "Neftçi"yə hörmət edirik. "Neftçi" Azərbaycanın "flaqman"ıdır. Hələ bir həftəmiz var.
- "Neftçi"də baş məşqçi dəyişikliyi sizin xeyrinizə ola bilərmi?
- Bu haqda mənim danışmağım doğru olmaz. "Neftçi"nin prezidenti, öz strategiyası var. Qərarları da onlar verirlər. Biz digər komandalardakı dəyişikliklərə yox, yalnız öz komandamıza baxırıq.