
"Qarabağ"ın futbolçusu Maqaye Qeye Premyer Liqanın XVII turunda "Zirə"ni 6:0 hesabı ilə məğlub etdikləri matçdan sonra brifinq keçirib.
Sportnet.az həmin müsahibəni təqdim edir...
- 6:0 hesablı qələbə qazandınız. Belə hesab gözləyirdiniz?
- Yaxşı hesabdır. Komanda üzərinə düşəni etdi. Danışılası çox da məqam yoxdur.
- Bir qol vurdunuz. Özünəinam üçün bu, önəmli idi?
- Şübhəsiz, istənilən qol adama özünəinam verir. Ümumi vəziyyətimi nəzərə alsaq, müntəzəm oynamaq imkanı qazanmıram, çox qol vurmuram və buna görə də çox önəmli oldu.
- Razısan ki, Mahir Emreliyə rəqabətdə uduzmusan? Bunun səbəbi nədir?
- Son söz sahibi baş məşqçidir. İstənilən halda, onun qərarına hörmətlə yanaşırıq. Bu komandadayam. Nə vaxt ehtiyac duyulsa, kömək edəcəyəm.
- “Qarabağ”da özünüzü tapa bildiniz? Buraya gələndə asan olacağını düşünürdünüz?
- Hücumçudan hər kəs qol gözləyir. Fikrimcə, Türkiyədə yaxşı mövsüm keçirəndən sonra buraya gəlmişəm. Başqa liqadan gəlmişəm. Çempionat fərqi var. Uyğunlaşmaq üçün zamana ehtiyacın olur. İstənilən halda, komandaya kömək etməyə hazıram.
- Yayda “Qarabağ”da qalaacaqsınız, yoxsa yeni klub axtarırsınız?
- Burda çox xoşbəxtəm. Klub və komanda yoldaşlarım ürəyimcədir. Heç bir problemim yoxdur. Bir illik müqaviləm qalıb.
- Çempionluq şanslarınızı necə görürsən? Artıq “Qarabağ”ı çempion sayanlar var.
- Futbolda necə olacağı bilinmir. Uğursuzluğa da düşə bilərsən. Belə olduqda komandalar səni keçə bilər. Hələ qarşıda oyunlar var və öz işimizi görməliyik.